ABŞ VƏ AZƏRBAYCAN ALİMLƏRİ ÖLKƏMİZDƏ GEODİNAMİK ŞƏRAİTİN BİRGƏ TƏDQİQİNİ DAVAM ETDİRİRLƏR
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutundan AZƏRTAC-a bildirmişlər ki, bu elmi tədqiqat müəssisəsinin alimləri ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun geoloqları ilə birgə ölkəmizdə GPS (qlobal yertəyinetmə sistemi) stansiyaları qurmuşlar. Həmin stansiyalar vasitəsilə ərazilərimizin geodinamik vəziyyəti, seysmik təhlükəlilik dərəcəsi tədqiq edilir.
Tədqiqatlar ABŞ-ın Milli Elm Fondunun qrant dəstəyi ilə “Ərəbistan-Avrasiya plitələrinin toqquşduğu zonada deformasiya (yerdəyişmə) dinamikasının tədqiqi” adlı beynəlxalq layihə çərçivəsində aparılır.
İşlərin gedişinə praktik baxış keçirmək məqsədi ilə layihənin amerikalı həmrəhbəri, professor Robert Reylinger sentyabrın 3-də Bakıya gəlmişdir. Amerikalı həmrəhbərin 10 günlük elmi ezamiyyəti çərçivəsində Şəki Regional Elm Mərkəzinin ərazisində Azərbaycanda ikinci GPS stansiyası qurulacaq və ümumdünya şəbəkəsinə qoşulacaqdır. Bununla Azərbaycanın qərb regionunda Şəki Regional Elm Mərkəzinin köməyi ilə geodinamik proseslərin tədqiqinin əsası qoyulacaqdır.
Bundan əlavə, Pirallahı, Şıxlar, Şamaxı, Qəbələ və Kürdəmirdə seysmik təhlükələrə dair ölçülər aparılacaqdır.
Geologiya İnstitutunun binasında quraşdırılmış “NetRS” peyk antennası və “Trimble” peyk qəbuledicisi vasitəsilə Azərbaycan ərazisindəki geodinamik proseslər, deformasiyalar izlənir və dünyanın müxtəlif bölgələrində mövcud olan GPS monitorinq mərkəzlərinə rəqəmsal məlumatlar ötürülür. Məlumatların birgə analizi əsasında zəlzələ təhlükələri qiymətləndirilir.
Layihənin azərbaycanlı həmrəhbəri, Geologiya İnstitutunun geotektonika və geodinamika şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov demişdir ki, Qafqaz və Cənubi Xəzər geoloji baxımdan dünyanın ən fəal və təhlükəli zonalarındandır. Həmin regionlarda geodinamik şərait daim gərgindir və bu səbəbdən deformasiya prosesləri də fəaldır. Bu, hazırda əsasən zəlzələ, palçıq vulkanlarının püskürməsi, sürüşmə, çökmə və s. kimi təbiət hadisələrinin intensivliyi ilə müşahidə edilir. Deformasiya yolların, ərazilərin, boru kəmərlərinin və s. dağılmasına da səbəb olur. Bu baxımdan, layihə regiondakı neft və qaz terminallarının, kəmərlərin təhlükəsizliyi baxımından da mühüm əhəmiyyət kəsb edir.