ABŞERON YARIMADASININ NEFTDƏN TƏMİZLƏNMİŞ TORPAQLARINDA YAŞILLIQLAR SALINIR
Dövlət Neft Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks tədbirlər planının icrası ilə əlaqədar şirkətin yerinə yetirməli olduğu layihələr üzrə işlər davam etdirilir.
Abşeron yarımadasında neftlə çirklənmiş 33 min hektara yaxın ərazinin tamamilə təmizlənməsi nəzərdə tutulur. Artıq Bibiheybət neft mədənləri sahəsində yararsız hala düşən 565 hektar ərazidən 140 hektarının rekultivasiya işləri başa çatdırılmışdır. Təmizlənən ərazilərdə yaşıllıq zolaqları salınır.
Dövlət Neft Şirkətinin təsis etdiyi “Ekol” mühəndislik xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti bu il Bibiheybətdə 35 hektar torpaq sahəsini yararlı hala gətirmişdir. Torpaqların təmizlənməsi ilə yanaşı, neft şlamlarının emalı da həyata keçirilir. Bu məqsədlə ölkəyə müasir tipli 2 Alfa-Laval qurğusu gətirilmiş və onların vasitəsilə indiyədək 35 min ton neft şlamı zərərsizləşdirilmişdir. Bundan başqa, hər ay 1 milyon 300 min kubmetr sənaye suları təmizlənir. Bu suların daha sürətli və keyfiyyətlə təmizlənməsi üçün zavodda gücü saatda 1200 kubmetrə çatan yeni qurğu quraşdırılmışdır.