Lənkəranda çəltik və çay istehsalının artırılması idxaldan asılılığı əhəmiyyətli dərəcədə azaldacaq
Lənkəran, 16 iyun, AZƏRTAC
Çəltikçilik Lənkəran rayonu üçün ənənəvi kənd təsərrüfatı sahələrindən biridir. Bu sahə çəltikçiliyin inkişafı ilə bağlı Dövlət Proqramının icrası nəticəsində yenidən dirçəldilib və inkişaf edən sektorlardan birinə çevrilib. 2025-ci ildə 780,2 hektar sahədə əkin işləri aparılıb, hər hektardan orta hesabla 45 sentner məhsul götürülərək, ümumilikdə, 2781,2 ton çəltik istehsal edilib. Gələcək hədəfimiz isə çəltik əkini sahələrinin 1500 hektara, məhsul istehsalının 10 min tona çatıdırılmasıdır ki, bu da ölkə üzrə idxaldan asılılığın 18,2 faiz azaldılmasına xidmət edəcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi ilə bağlı Lənkəranda keçirilən regional müşavirədə Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov deyib.
“Qarşıya qoyduğumuz məqsəd cari ildə əkin sahələrini 820 hektara çatdırmaq, Türkiyədən gətirilmiş yüksək məhsuldar sortların tətbiqi və müasir aqrotexniki üsullar hesabına məhsuldarlığı 65-70 sentnerə yüksəltməkdir”, - deyən icra başçısı qeyd edib ki, rayonda çəltik istehsalı ilə yanaşı, məhsulun emalı istiqamətində də mühüm işlər görülür. Hazırda 3 müəssisə fəaliyyət göstərir. O cümlədən Sütəmurdov kəndində ümumi dəyəri 2,5 milyon manat, illik istehsal gücü 15 min ton olan müasir tələblərə cavab verən yeni müəssisə fəaliyyətə başlayıb və tam gücü ilə işləməsi üçün son tamamlanma işləri aparılır.
“Bundan əlavə, çay plantasiyalarının sahəsi 547,7 hektara çatdırılıb ki, bunun 300 hektara yaxını yeni salınmış sahələrdir. Ötən il 395,8 ton məhsul əldə edilib. Qarşıya qoyduğumuz əsas məqsəd çay sahələrini 1000 hektara və illik məhsul istehsalının 800 tona çatdırılmasıdır ki, bu da ölkə üzrə idxaldan asılılığın 15,4 faiz azaldılmasını təmin edəcək”, - deyə o vurğulayıb.
Müxbir – İlkin Adıyev