Abşeronda dövlət siyasətinin icrası və rayonun inkişaf istiqamətləri diqqət mərkəzində olub
Bakı, 23 oktyabr, AZƏRTAC
Abşeron rayonunda Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, regional idarələrin rəhbərləri, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər çiçəklər düzülüb. Sonra Ulu Öndərin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Azərbaycanın bugünkü inkişafının, suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasının əsasında Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt və uzaqgörən ideyalar dayanır. Həmin siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan rayon icra hakimiyyətinin başçısı bildirib ki, Müzəffər Ali Baş Komandanın siyasi iradəsi, düşünülmüş qərarları, “Dəmir yumruq” ətrafında birləşən qəhrəman Azərbaycan əsgərlərinin və qüdrətli Ordumuzun şücaəti sayəsində düşmən döyüş meydanında məğlub edilib, xalqımızın Vətən həsrətinə son qoyulub.
Abdin Fərzəliyev ölkədə təmin olunmuş sabitliyin, milli birliyin və həmrəyliyin strateji hədəflərin reallaşdırılması üçün möhkəm zəmin yaratdığını diqqətə çatdırıb. Prezident İlham Əliyevin qurultaydakı nitqindən irəli gələn vəzifələrin vaxtında yerinə yetirilməsinin, dövlət siyasətinin yerlərdə ardıcıl həyata keçirilməsinin, vətəndaş məmnunluğunun təmin olunmasının və rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinin vacibliyini qeyd edib. Bu istiqamətdə dövlət qurumlarının, YAP-ın yerli təşkilatının və ictimaiyyət nümayəndələrinin birgə fəaliyyətinin mühüm əhəmiyyət daşıdığını bildirib.
Daha sonra müşavirədə Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron Rayon Ağsaqqallar Şurasının sədri, şəhid Rauf İbadovun atası Məhərrəm İbadov, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev və Əməkdar müəllim Teyyubə Hüseynova çıxış edərək bildiriblər ki, vətənimizi qorumaq, onun gələcək inkişafı üçün çalışmaq, yad və zərərverici ideyalara, təxribatlara qarşı mübarizə aparmaq hər birimizin məsuliyyətidir. Qeyd edilib ki, Prezident İlham Əliyevin qurultaydakı nitqindən irəli gələn vəzifələr, dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi, milli həmrəyliyin qorunması və qarşıya qoyulan hədəflərin həyata keçirilməsi istiqamətində hər kəs çalışmalı, dövlətinin yanında durmalıdır. Çıxışçılar qazanılan Qələbəyə, əldə olunan uğurlara, o cümlədən ölkəmizdə şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən böyük diqqət və qayğıya görə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.