Abşeronda “Ümummilli Lider Heydər Əliyev və dövlət uşaq siyasəti” mövzusunda konfrans keçirilib
Xırdalan, 23 noyabr, AZƏRTAC
“Heydər Əliyev İli” çərçivəsində Abşeron rayonunda 20 Noyabr - Uşaq Hüquqları Konvensiyasının qəbul olunması münasibətilə “Ümummilli Lider Heydər Əliyev və dövlət uşaq siyasəti” mövzusuna həsr olunmuş konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Abşeron RİH-in təşəbbüsü ilə baş tutan tədbirdə əvvəlcə Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib. Daha sonra Mərkəzin foyesində “Mənim hüquq və vəzifələrim” mövzusunda uşaqların çəkdiyi rəsm sərgisi ilə tanışlıq olub.
Konfransda rayon rəhbərliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü Vüqar İsgəndərov, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Abşeron Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi, polis mayoru Orxan Rzayev, orta ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, şəhid övladları və məktəblərin qabaqcıl şagirdləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konfransda çıxış edənlər bildiriblər ki, ölkəmizdə uşaqların hüquqlarının qorunması, onların sağlam, firavan böyüməsi və hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Bu gün Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət siyasəti Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Hazırda ölkəmizdə uşaq problemlərinin həlli istiqamətində onlarla dövlət proqramı və böyük layihələr həyata keçirilir, uşaqların hərtərəfli inkişafı, layiqli vətəndaş kimi böyümələri üçün dövlət proqramları qəbul edilir, sosialyönümlü layihələr icra olunur.
Konfrans çərçivəsində rayonun ümumtəhsil məktəblərinin fəal şagirdləri inkişaf, iştirak, yaşamaq və müdafiə hüquqları mövzusunda çıxışlar edib, şəhid övladlarının “Mənim atam qəhrəmandır” adlı kompozisiyası təqdim olunub. Sonda “Uşaq hüquqlarının müdafiəsi” istiqamətində səmərəli fəaliyyətinə görə bir sıra müvafiq qurumların əməkdaşları mükafatlandırılıb.