İQTİSADİYYAT
AÇG və “Şahdəniz”dən ixrac edilən qazın həcmi açıqlanıb
Bakı, 13 dekabr, AZƏRTAC
Cari ilin yanvar - noyabr ayları ərzində Azərbaycanda 44 milyard kubmetr təbii qaz hasil edilib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qazın 11,7 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 24 milyard kubmetri “Şahdəniz”dən, 0,6 milyard kubmetri “Abşeron”dan, 7,7 milyard kubmetri isə SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 3,6 faiz, yəni 1,5 milyard kubmetr artımla qaz hasil edilib.
Hesabat dövründə xaricə qaz satışı 22,05 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz çoxdur. Cari ilin yanvar-noyabr aylarında Avropaya 10,85 milyard kubmetr, Türkiyəyə 8,7 milyard kubmetr, Gürcüstana isə 2,5 milyard kubmetr qaz satılıb. Qeyd edək ki, bu müddətdə Türkiyəyə TANAP-la 5,1 milyard kubmetr qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari il dekabrın 1-dək “Azəri-Çıraq-Günəşli”dən 215,2 milyard kubmetr, “Şahdəniz”dən isə 206,7 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 146,4 milyard kubmetri ixraca nəql edilib.