SİYASƏT
ADA Universiteti xarici diplomatlar üçün təlim kursu keçirəcək
Universitetdən AZƏRTAC-a bildirilib ki, təlim kursunun açılışında ADA-nın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev iştirak edəcək.
Kursda Qazaxıstan, İordaniya, Küveyt, Livan, Özbəkistan, Türkiyə, Malayziya, Pakistan, İndoneziya, Banqladeş, Mərakeş, Bəhreyn, Yəmən, Sudan və Tacikistanın Xarici İşlər Nazirliyində çalışan yüksək çinli 15 diplomat iştirak edəcək.
Təlimçilər arasında ADA Universitetinin professor və tədqiqatçıları, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, Dövlət Neft Fondunun, Strateji Araşdırmalar Mərkəzinin, ölkədə akkreditə olunmuş səfirliklərin nümayəndələri və parlament üzvləri var. Məqsəd xarici diplomatlar və dövlət qulluqçularına Xəzər dənizi hövzəsi regionu haqqında daha müfəssəl məlumat verməkdir.
Kurs müddətində iştirakçılar bu regionun tarixi, mədəniyyəti, demoqrafik vəziyyəti, etnik və ərazi münaqişələri, ticari və iqtisadi münasibətləri, geopolitik və regional təhlükəsizliyi və digər məsələlər barədə məlumatlandırılacaqlar. Eyni zamanda, iştirakçılar Azərbaycanın Xarici İşlər Nazirliyində, Nobel Qardaşları Muzeyində olacaq, Şəkiyə və Qəbələyə səfər edəcəklər.
Sonda iştirakçılar sertifikatlarla təltif olunacaqlar.
Xatırladaq ki, 2010-cu ildən etibarən keçirilən bu təlimdə indiyədək 5 türk diplomatı, Asiya, Afrika, Latın Amerikası və Karib dənizi hövzəsi ölkələrinin 45 diplomatı, o cümlədən ABŞ-dan 11 tədqiqatçı və tələbə iştirak edib.