Adaptasiya Fondu çərçivəsində Azərbaycanda keçirilən layihənin digər Xəzəryanı ölkələrdə də keçirilməsi planlaşdırılır
Bakı, 20 may, AZƏRTAC
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində şəhərlər, urbanizasiya və iqlim fəaliyyəti məsələlərini müzakirə edirik. COP29-un keçirildiyi ölkəyə yenidən gəlmək xüsusi əhəmiyyət daşıyır.
Bunu AZƏRTAC-a açıqlamasında Beynəlxalq Miqrasiya Təşkilatının İqlim Fəaliyyəti Bölməsinin direktoru Rania Şarşr deyib.
COP29-da iqlimə uyğunlaşma və dayanıqlılığın gücləndirilməsi istiqamətində mühüm qərarların qəbul edildiyini bildirən R.Şarşr qeyd edib: "Xəzər dənizində su səviyyəsinin azalması ciddi məsələdir. Bu baxımdan dayanıqlı şəhərsalma, iqlimə uyğunlaşma və icmaların dayanıqlığının artırılması çox vacibdir. Beynəlxalq Miqrasiya Təşkilatı digər BMT qurumları və hökumətlərlə birlikdə icmaların, xüsusilə köçkün və miqrant əhalinin dayanıqlılığının artırılması istiqamətində çalışır. Hazırda BMT-nin Ətraf Mühit Proqramı, BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan hökuməti ilə birlikdə Adaptasiya Fondu çərçivəsində birgə layihə həyata keçirilir. Layihə təbiət əsaslı həllər, iqlim maliyyəsinə çıxış, erkən xəbərdarlıq sistemləri, su qıtlığı və yaşıllaşdırma təşəbbüslərini əhatə edir. Həmin layihənin gələcəkdə Xəzər dənizi ətrafındakı digər ölkələrdə də tətbiq olunması nəzərdə tutulur".