Jordi Llopart: BMT qurumlarının parçalanmış deyil, vahid yanaşma ilə fəaliyyət göstərməsi vacibdir
Bakı, 19 may, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) əvvəlki forumdan sonra görülən işlərin qiymətləndirildiyi və gələcək fəaliyyətlərin müəyyənləşdirildiyi çox vacib platformadır. Burada həm Birləşmiş Millətlər Təşkilatının, həm də müxtəlif ölkələrin şəhər inkişafı sahəsində təcrübələri paylaşılır. Tədbirdə əsas diqqət mənzil məsələsinə yönəlib.
Bu fikirləri WUF13 çərçivəsində AZƏRTAC-a açıqlamasında BMT-nin İnkişaf Proqramının administratorunun baş məsləhətçisi Jordi Llopart bildirib.
Onun sözlərinə görə, mənzil insan hüquqlarının vacib hissəsidir və bu məsələyə həm qlobal, həm də dayanıqlı inkişaf baxımından yanaşmaq olduqca önəmlidir.
“Çıxışımda əsas vurğuladığım məqam BMT qurumlarının parçalanmış deyil, vahid yanaşma ilə fəaliyyət göstərməsinin vacibliyi idi. Əsas məqsəd insanların real ehtiyaclarını düzgün qiymətləndirmək və həlləri həmin ehtiyaclara uyğun şəkildə qurmaqdır. Bu baxımdan əməkdaşlıq, koordinasiya və inteqrasiya olunmuş maliyyə mexanizmləri xüsusi əhəmiyyət daşıyır”, – deyə o qeyd edib.