Anaklaudia Rossbax: UN-Habitat şəhərlərin rəqəmsal transformasiyası üzrə fəaliyyətini genişləndirir
Bakı, 19 may, AZƏRTAC
Şəhərlərdə mənzil böhranı və iqlim dəyişmələri fonunda rəqəmsal texnologiyalar və süni intellekt mühüm rol oynayır.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax WUF13 çərçivəsində keçirilən “Şəhərlər üçün süni intellekt – şəhərsalma və ağıllı, dayanıqlı icmaların qurulması” mövzusunda sessiyada deyib.
Anaklaudia Rossbax UN-Habitat-a tərəfdaşlıq edən Beynəlxalq Telekommunikasiya İttifaqına (ITU) və Azərbaycan hökumətinə təşəkkürünü bildirib. A.Rossbax qeyd edib ki, şəhərləşmə ilə bağlı qlobal çağırışlar, xüsusilə mənzil böhranı son illərdə daha da dərinləşib. Onun sözlərinə görə, bir çox şəhərlərdə mövcud mənzil fondu əhalinin ehtiyaclarını tam qarşılamır, nəticədə qeyri-formal yaşayış məntəqələrinin genişlənməsi və evsizlik kimi problemlər aktuallaşır. O vurğulayıb ki, bu proses iqlim dəyişmələri fonunda daha da mürəkkəbləşir və şəhərlər artıq iqlim riskləri və müxtəlif böhranların ön xəttində dayanır. Bu səbəbdən mövcud texnoloji imkanlardan daha effektiv istifadə vacib əhəmiyyət daşıyır.
UN-Habitat rəhbəri qeyd edib ki, “Pakt for the Future” sənədində də əks olunduğu kimi dünya sürətlə rəqəmsal transformasiya dövründən keçir və bu proses şəhər idarəçiliyinə birbaşa təsir göstərir. Onun sözlərinə görə, UN-Habitat şəhərlərin rəqəmsal transformasiyası və “ağıllı şəhər” yanaşmaları üzrə fəaliyyətini genişləndirir, bu istiqamətdə BMT sistemində beynəlxalq tərəfdaşlarla əməkdaşlığı gücləndirir.
Rossbax əlavə edib ki, UN-Habitat ilə BTİ arasında imzalanmış anlaşma memorandumu çərçivəsində şəhər idarəçiliyinə dair metodoloji yanaşmalar hazırlanır. Onun sözlərinə görə, “Ağıllı şəhər” konsepsiyası insan mərkəzli olmalı, insan hüquqları, inklüzivlik və bərabərlik prinsiplərinə əsaslanmalıdır. UN-Habitat-ın icraçı direktoru, həmçinin Almaniyanın Hamburq Universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən UNITAC proqramını qeyd edərək bildirib ki, bu təşəbbüs yerli və milli hökumətlərə şəhər məlumatlarının toplanması, idarə olunması və qərarqəbuletmədə ictimai iştirakın gücləndirilməsi üçün innovativ alətlər təqdim edir.
Anaklaudia Rossbax diqqətə çatdırıb ki, mənzil məsələsi, qeyri-formal yaşayış məntəqələri və çoxsəviyyəli idarəetmə yanaşmaları Yeni Şəhər Gündəliyinin əsas prioritetləri olaraq qalır.