WUF13-də Azərbaycanın təqdim etdiyi şəhərsalma modeli beynəlxalq ictimaiyyət tərəfindən maraqla qarşılanır - ŞƏRH
Bakı, 20 may, AZƏRTAC
Prezident İlham Əliyevin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində səsləndirdiyi fikirlər müasir şəhərsalma siyasəti, dayanıqlı inkişaf, postmünaqişə dövründə yenidənqurma və “Ağıllı şəhər” konsepsiyalarının tətbiqi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Yalçın Hacızadə söyləyib.
O bildirib ki, Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma layihələrinə xüsusi diqqət çəkdi. Dövlətimizin başçısı qeyd etdi ki, uzun illər ərzində dağıdılmış şəhər və kəndlərin yenidən qurulması prosesi yalnız infrastrukturun bərpası deyil, eyni zamanda, müasir urbanizasiya prinsiplərinə uyğun yeni yaşayış modelinin formalaşdırılması deməkdir. Bu yanaşma çərçivəsində “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin tətbiqi prioritet istiqamətlərdən biri kimi təqdim olunur.
"WUF13 çərçivəsində Azərbaycanın təqdim etdiyi şəhərsalma modeli beynəlxalq ictimaiyyət tərəfindən maraqla qarşılanır. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə “sıfırdan şəhər quruculuğu” konsepsiyasının tətbiqi, yeni nəqliyyat infrastrukturu, hava limanları, yaşayış kompleksləri və sosial obyektlərin inşası Azərbaycanın regionda həyata keçirdiyi ən iri yenidənqurma proqramlarından biri kimi qiymətləndirilir.
WUF13, həmçinin dövlətlər arasında urbanizasiya siyasəti sahəsində təcrübə mübadiləsinin aparılması, davamlı şəhər idarəçiliyi mexanizmlərinin müzakirəsi və iqlim dəyişikliklərinin şəhərlərə təsirinin qiymətləndirilməsi baxımından mühüm platformadır",- deyə politoloq əlavə edib.