ÜHST: “EuFMD” Komissiyasına üzvlüklə bağlı xatirə tablosu Azərbaycan nümayəndəsinə təqdim olunub
Paris, 20 may, AZƏRTAC
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Nümayəndələri Assosiasiyasının 93-cü Ali Baş Sessiyası çərçivəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Agentliyinin (FAO) “EuFMD” Komissiyasının 10-cu Regional əməkdaşlıq görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın “EuFMD” Komissiyasına qəbul edilməsi ilə bağlı “Sürətlə yayılan xəstəliklərə qarşı birləşək” (United against fast diseases) xatirə tablosu AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi, ölkəmizin ÜHST-dəki nümayəndəsi Qalib Əbdüləliyevə təqdim olunub.
İndiki qeyri-stabil ekzotik vəziyyət şəraitində ölkəmizin transsərhəd xəstəliklərlə mübarizə üzrə beynəlxalq təşəbbüslərə qoşulması təqdirəlayiq hesab edilib. Həmçinin, tədbirdə xüsusi təhlükəli xəstəliklərə dair ölkə hesabatları dinlənilib, növbəti addımlar və birgə fəaliyyət aspektləri müzakirə olunub. Ölkəmizdə peyvəndləmə aparılmaqla dabaq xəstəliyindən azad zonaların yaradılması təşəbbüsü yüksək qiymətləndirilib.
Qeyd edək ki, Azərbaycan 2025-ci ildə “Avropada dabaq və digər oxşar transsərhəd heyvan xəstəlikləri ilə mübarizə üzrə Komissiya” (EuFMD) üzvlüyünə qəbul edilib və onun 41-ci üzv ölkəsi olub.