Belçikada Azərbaycan cazına həsr edilmiş konsert olub
Brüssel, 19 may, AZƏRTAC
Azərbaycanın Belçika Krallığındakı səfirliyi tərəfindən Brüsselin tarixi və zəngin caz ənənələrinə malik nüfuzlu mədəniyyət məkanlarından biri olan Flagey binasında Azərbaycan caz sənətinə həsr edilmiş konsert təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə tanınmış azərbaycanlı caz ifaçıları Rain Sultanov, Şahin Növrəsli, Nicat Paşazadə və Həsən Bilalov çıxış ediblər, onların ifasında Azərbaycan musiqisinin seçilmiş nümunələri təqdim olunub.
Konsertin açılışında çıxış edən ölkəmizin Belçika Krallığındakı səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Zülfüqarov Azərbaycan cazının ölkəmizin zəngin musiqi irsinin ayrılmaz hissəsi olduğunu vurğulayıb, bu kimi mədəni təşəbbüslərin mədəniyyətimizin və musiqi ənənələrimizin beynəlxalq auditoriyaya tanıdılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Tədbirdə çıxış edən belçikalı musiqiçi, cazmen və bəstəkar Kventin Düjardin isə Azərbaycan caz məktəbinin özünəməxsus improvizasiya ənənələrini və musiqi dilini yüksək qiymətləndirdiyini bildirib, bu sənətin Şərq melodikası ilə Qərb caz ənənələrinin üzvi və yaradıcı sintezi kimi xüsusi maraq doğurduğunu diqqətə çatdırıb. O, həmçinin Bakı Caz Festivalındakı iştirak təcrübəsini bölüşərək, Azərbaycanın caz mühiti, peşəkar musiqiçiləri və festivalın yüksək təşkilati səviyyəsi barədə müsbət təəssüratlarını tədbir iştirakçıları ilə paylaşıb.
Konsert iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb, Belçikada Azərbaycan musiqi irsinin və caz sənətinin beynəlxalq səviyyədə təşviqi baxımından mühüm mədəni təşəbbüs kimi yüksək qiymətləndirilib.
Tədbirdə diplomatlar, Belçika və Avropa İttifaqının rəsmi şəxsləri, ictimaiyyət nümayəndələri, incəsənət xadimləri, musiqi ictimaiyyətinin təmsilçiləri və Azərbaycan icmasının üzvləri iştirak ediblər.