Tuluzda bələdiyyə seçkilərinə xarici müdaxilə iddiaları ilə məhkəməyə müraciət edilib
Paris, 20 may, AZƏRTAC
Fransanın Tuluz şəhərində keçirilən bələdiyyə seçkilərində ikinci turda məğlub olan “Əyilməz Fransa” (La France insoumise LFI) partiyasının namizədi Fransua Pikmal seçkilərin nəticələrinin ləğvi üçün inzibati məhkəməyə müraciət etdiyini açıqlayıb. O hesab edir ki, dezinformasiya əməliyyatları səsvermənin dürüstlüyünə təsir göstərib.
AZƏRTAC xəbər verir ki, bu barədə deputat Fransua Pikmalın seçki qərargahı Parisdə təşkil olunan mətbuat konfransından əvvəl yayılan bəyanatda bildirib. Qeyd edilib ki, son bələdiyyə seçkiləri zamanı bir neçə LFI namizədi xarici müdaxilə əməliyyatlarının hədəfinə çevrilib.
Bəyanatda saxta xəbərlər, şifahi hücumlar və xüsusilə ikinci tur öncəsi Fransua Pikmalı hədəf alan böhtan xarakterli rəqəmsal kampaniyalardan bəhs edilir. Onun yaxın çevrəsi hesab edir ki, bu fəaliyyətlər, xüsusilə Tuluzda seçkinin nəticələrinə təsir etmiş ola bilər.
Son günlər bir sıra Fransa mediası anonim hesablar, saxta internet saytları və sponsorlu məzmun vasitəsilə LFI nümayəndələrinə qarşı koordinasiyalı kampaniyaların aparıldığını üzə çıxarıb. Hədəf alınan siyasətçilər arasında bir neçə deputatın adı olduğu bildirilir.
Fransa mətbuatında yayılan məlumatlara görə, araşdırmalar xüsusilə “BlackCore” adlı İsrail şirkəti üzərində cəmlənib. Şirkətin bu rəqəmsal təsir əməliyyatlarında iştirak etdiyi ehtimal olunur. Fransa kəşfiyyat xidmətləri isə kampaniyanın mümkün sifarişçilərini müəyyən etməyə çalışır.
Fransanın xarici rəqəmsal müdaxilələrə qarşı nəzarət xidməti olan “Viginum” mart ayında bir neçə şəhərdə fəaliyyət göstərən və Fransa siyasi partiyalarından birini hədəf alan “xarici rəqəmsal müdaxilə” sistemini artıq aşkar etdiyini bildirmişdi.
Bundan əlavə, “Meta” və “TikTok” platformalarının Fransanı hədəf alan koordinasiyalı saxta fəaliyyətlərlə əlaqəli bir sıra hesabları sildiklərini açıqlayıblar. Lakin bu əməliyyatların konkret hansı qurum tərəfindən təşkil edildiyi rəsmi şəkildə təsdiqlənməyib.
Fransua Pikmalın tərəfdarları bəyanatlarında bu üsulların Fransa üçün demokratik suverenliyə təhlükə yaratdığını vurğulayıblar. LFI-nin tarixi lideri Jan-Lük Melenşon isə Fransa seçkilərini xarici müdaxilələrdən qorumaq məqsədilə yeni qanunun qəbul edilməsinə çağırıb.