BTİ-nin rəsmisi: Əsas texnologiyalara etimad düzgün hazırlanmış strategiyalar vasitəsilə formalaşır
Bakı, 19 may, AZƏRTAC
Süni intellektin (Sİ) dünyada uğurlu tətbiqi effektiv dövlət idarəçiliyi və innovasiyalardan asılıdır. Süni intellektin uğurlu tətbiqi üçün etibarlı standartlar, qarşılıqlı fəaliyyət və idarəetmə sistemləri vacibdir.
AZƏRTAC xəbər verir ki, bu fikri Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Telekommunikasiya Standartlaşdırma Bürosunun direktoru Seizo Onoe WUF13 çərçivəsində “Şəhərlər üçün süni intellekt – şəhərsalma və ağıllı dayanıqlı icmaların qurulması” mövzusunda sessiyada çıxışı zamanı səsləndirib.
“İnnovasiyalarda irəliləyiş və texnologiyaların effektiv işləməsi üçün şirkətlər, biznes tərəfdaşları və hökumətlər arasında səmərəli kommunikasiya tələb olunur. Bu gün bunun əhəmiyyəti əvvəlkindən daha da artıb. Əsas texnologiyalara etimad düzgün hazırlanmış strategiyalar vasitəsilə formalaşır və bu yanaşma dövlətlər üçün daha effektiv nəticələrə, eləcə də dayanıqlı inkişafa töhfə verə bilər. Ötən həftə keçirilən “Virtual World Day” tədbirinin üçüncü iclasında dövlət liderləri üçün beş əsas prioritet müəyyənləşdirilib. Bunlar qlobal öhdəliklərin yerli səviyyədə icrası, etibarlı süni intellekt sistemlərinin yaradılması, məlumatlar və Sİ vasitəsilə qərarqəbuletmə prosesinin təkmilləşdirilməsi, məsuliyyətli sosial inkişafın təmin olunması, həmçinin beynəlxalq əməkdaşlıq və standartların gücləndirilməsidir. “Ağıllı şəhər”lərlə bağlı müzakirələrdə əsas diqqət real təcrübəyə və texnologiyaların insanların həyatına təsirinə yönəldilməlidir. Vacibdir ki, süni intellekt standartlara, potensialın artırılmasına əsaslansın və insanların real ehtiyaclarına cavab versin”, – deyə Seizo Onoe bildirib.