İspaniyalı memar-startapçı: Qarabağda sağlam şəhər modelinin tətbiqi üçün böyük potensial var
Bakı, 20 may, AZƏRTAC
Azərbaycan yeni şəhərsalma layihələrində insan sağlamlığını prioritetə çevirərək yüksək həyat keyfiyyətinə malik şəhərlər formalaşdırmaq üçün böyük potensiala sahibdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında memar və şəhərsalma üzrə mütəxəssis, “Healthy Cities” startap platformasının rəhbəri Seliya Qarsiya Albertos deyib.
O bildirib ki, fəaliyyətləri şəhərsalma ilə ictimai sağlamlığın inteqrasiyasına yönəlib. Rəhbərlik etdiyimiz layihələr çərçivəsində urbanizasiya prosesinin insanların fiziki və sosial rifahına təsiri araşdırılır.
S.Qarsiya Albertos “Healthy Cities Generator” adlı rəqəmsal alətin həmtəsisçilərindən biri olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, bu platforma şəhərsalma mütəxəssislərinə urbanistik dizaynın həm sağlamlıq, həm də iqtisadi təsirlərini qiymətləndirməyə imkan yaradır.
İspaniyalı ekspert Azərbaycanın bu ili “Memarlıq və Şəhərsalma İli” elan etməsini müsbət qiymətləndirərək bildirib ki, sağlam şəhər konsepsiyası gələcəyin dayanıqlı inkişaf modelinin əsas elementlərindən biridir.
Seliya Qarsiya Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) beynəlxalq təcrübə mübadiləsi üçün mühüm platforma olduğunu vurğulayıb: “Forum dünyanın müxtəlif ölkələrindən olan şəhərsalma mütəxəssislərini bir araya gətirir. Burada ortaq ideyaların formalaşdırılması və gələcək şəhərlərin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından çox faydalı müzakirələr aparılır”.
İspaniyalı mütəxəssis BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə əməkdaşlıq çərçivəsində müxtəlif şəhərlərdə sağlamlıq təsirinin qiymətləndirilməsi layihələrinin həyata keçirildiyini də bildirib: “Məqsəd şəhər mühitinin əhalinin sağlamlığına təsirini daha yaxşı anlamaq və daha təhlükəsiz, inklüziv yaşayış məkanları formalaşdırmaqdır”.
Startap rəhbəri Qarabağda həyata keçirilən “Ağıllı şəhər” layihələrinin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: “Yeni inkişaf zonalarının yaradılması sağlam həyat mühitinin şəhərsalmanın mərkəzinə yerləşməsi üçün mühüm fürsətdir. Bu yanaşma gələcəkdə hər kəs üçün yüksək həyat keyfiyyətinə malik şəhərlərin qurulmasına imkan verəcək”.