Serbiyalı mütəxəssis: Dünyanın bütün dövlətlərində mənzili olmayan minlərlə ailələr var
Bakı, 19 may, AZƏRTAC
Mən altıncı dəfədir ki, WUF tədbirində iştirak edirəm və nəzərə çatdırmalıyam WUF13 yüksək səviyyədə təşkil olunub, müzakirələr üçün gündəliyə çoxsaylı mövzular daxil edilib. Dünyada inkişaf prosesləri davam etdikcə mövzular da dəyişərək yenilənir.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Serbiyanın Dövlət Məskunlaşma və Şəhərsalma Agentliyinin planlaşdırma üzrə mütəxəssisi, fəlsəfə doktoru, Sinuşa Trkulja deyib.
Onun sözlərinə görə, dünyada mənzil problemi milyardlarla insanı əhatə edir və onların hamısını xüsusi mənzillə təmin etmək bir qədər fantastik hesab edilə bilər.
“Lakin yeni texnologiyaların tətbiqi və investisiyaların cəlb olunması ilə bu problemi köklü şəkildə olmasa da həll etmək mümkündür. Şərqi Avropada da mənzil problemi mövcuddur. Balkan yarımadasındakı dövlətlərin müvafiq nazirlikləri arasında 2004-cü ildə UN-Habitat-ın dəstəyi ilə müqavilə imzalandı. Bu gün həmin müqavilədə nəzərdə tutulan işlər həyata keçirilir və insanlar qismən mənzillə təmin olunurlar. Lakin bu Balkan ölkələrindəki insanların çox az hissəsini əhatə edir. Mənzil problemi dünyanın bütün ölkələrində var. Əminəm ki Cənubi Qafqazda, Qərbi Avropada, ABŞ-də də insanların mənzil almaq imkanları o qədər də böyük deyil”, - deyə mütəxəssis vurğulayıb.
S. Trkulja qeyd edib ki, 2004-cü ildə Balkan ölkələri arasında müqavilə imzalanmasından 22 il ötüb və bu müddət ərzində problem həllini tapmayıb: “Məsələ heç də evsizlərə yardım etməməkdə deyil. İstər BMT, istərsə də müxtəlif beynəlxalq təşkilatlar, transmilli korporasiyalar mənzil tikintisini təşviq edir və yeni yaşayış binaları tikir. Əsas problem ondan ibarətdir ki, dünyada baş verən hərbi münaqişələr, təbii fəlakətlər evsizlərin sayını artırır. Problemin həlli çətin və bahalı olduğu üçün hər ailəni mənzillə təmin etmək mümkün olmur. Dünyanın heç bir dövlətində bütün ailələr mənzillə təmin edilməyib. Hər bir ölkədə “evsizlər ordusu” var və bizim məqsədimiz mənzil almağı əlçatan etməkdən ibarətdir”, - deyə serbiyalı mütəxəssis əlavə edib.