Xalça Muzeyində “Sənət körpüsü... Azərbaycan–Türkiyə” adlı sərgi açılıb
Bakı, 19 may, AZƏRTAC
Azərbaycan Milli Xalça Muzeyində rəssam Eldəniz Babayevin “Sənət körpüsü... Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Azərbaycandakı səfirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı, Atatürk Mərkəzi, Yunus Əmrə İnstitutu, Bakı Mədəniyyət Baş İdarəsi, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu və Bakı İncəsənət Qalereyasının dəstəyi ilə təşkil olunub.
Açılış mərasimində Azərbaycanın mədəniyyət nazirinin müavini Səadət Yusifova, TÜRKSOY-un Baş katibinin müavini Seyid Yusif, Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım, Milli Məclisin komitə sədri Fazil Mustafa, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, Bakıdakı Yunus Əmrə İnstitutunun direktoru Gökhan Seyhan, Azərbaycanın Xalq rəssamı Səlhab Məmmədov və Şimali Kipr Türk Cümhuriyyəti Baş nazirinin müavini Fikri Ataoğlu çıxış ediblər.
Çıxışlarda incəsənətin xalqların ortaq yaddaşı, ölkələr arasında mühüm mənəvi körpü və mədəni dialoqun möhkəmləndirilməsində əsas amil olduğu vurğulanıb. Qeyd edilib ki, Eldəniz Babayevin yaradıcılığı Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərinin inkişafına töhfə verir, ortaq tarixi dəyərlərin qorunmasını və Türk dünyasında əməkdaşlığın gücləndirilməsini təşviq edir.
Rəsmi təqdimatdan sonra qonaqlara rəssamın həyat və yaradıcılığına həsr olunmuş film nümayiş etdirilib.
Sərgidə müxtəlif üslub və janrlarda yaradılmış 50-yə yaxın əsər nümayiş olunur. Ekspozisiya rəssamın 55 illik yubileyi ərəfəsində təşkil edilib. Açılış tarixinin — 19 May - Atatürkü Anma, Gənclər və İdman Gününün seçilməsi Azərbaycanla Türkiyə arasında incəsənət dili ilə ifadə olunan tarixi, mədəni və mənəvi bağların sarsılmazlığını simvolizə edir.
Sərgidə Ümummilli Lider Heydər Əliyevin, Mustafa Kamal Atatürkün, həmçinin Türk dünyasının tarixində və Azərbaycanla Türkiyə xalqlarının istiqlal mübarizəsində mühüm rol oynamış hərbi sərkərdələrin və şairlərin portretləri yer alıb.
Ekspozisiyada ötən il yaradılmış “Atatürk Milli Bankın işçilərini salamlayır” əsərinin eskizi də xüsusi yer tutur. Bununla yanaşı, Azərbaycan və Türkiyənin mədəniyyətini, adət-ənənələrini və gündəlik həyatını əks etdirən əsərlər nümayiş etdirilir.
Türk xalqları ilə macar xalqı arasındakı tarixi dostluq macar etnoqrafiyasına həsr olunmuş əsərlərdə, eləcə də Şandor Petöfinin portretində əks olunub.
Qeyd edək ki, sərgi iyunun 2-dək davam edəcək.