WUF13: Azərbaycanın qlobal nüfuzunun və etibarlı tərəfdaşlığının növbəti təsdiqi
Bakı, 20 may, AZƏRTAC
COP29-dan sonra ölkəmizin ev sahiblik etdiyi ikinci ən böyük beynəlxalq tədbir olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) məhz Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq arenada qazandığı böyük nüfuzunun real göstəricisidir. Bu, ölkəmizin yalnız regional deyil, eyni zamanda, qlobal miqyasda da etibarlı tərəfdaş kimi qəbul edildiyini nümayiş etdirir. Bu mənada Ümumdünya Şəhərsalma Forumu mühüm siyasi və diplomatik platforma kimi ölkəmizin beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə, yeni tərəfdaşlıqların qazanılmasına və onun qlobal proseslərdə iştirakının daha da genişlənməsinə şərait yaradır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA Rəyasət Heyətinin elmi katibi iqtisad üzrə fəlsəfə doktoru Coşqun Məmmədov deyib. O bildirib ki, WUF13-ün Azərbaycana həm sosial, həm də iqtisadi baxımdan faydaları olacaq: “Forum, ilk növbədə, xarici investorların ölkəmizə marağını xeyli artıracaq. Bu isə ölkəmizdə yeni və müasir tələblərə uyğun şəhərsalma prosesinin genişləndirilməsi, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, eləcə də ekoloji tarazlığın qorunması məqsədilə “ağıllı şəhər” layihələrin icrası üçün yeni əməkdaşlıq imkanları açır. Bu da nəticə etibarilə iqtisadiyyatın digər istiqamətləri olan turizm sektorunun canlanmasına və xidmət sahələrinin inkişafına böyük təkan verəcək. Nəzərə alsaq ki, hazırda işğaldan azad olunmuş ərazilərdə böyük yenidənqurma layihələri icra edilir, bu baxımdan forum çərçivəsində əldə olunan beynəlxalq təcrübə Azərbaycanın çoxistiqamətli şəhərsalma və dayanıqlı idarəetmə siyasətinə müasir yanaşmaların tətbiqinə xidmət edəcək”.
Coşqun Məmmədov qeyd edib ki, forum çərçivəsində Azərbaycan bir sıra uğurlu modern inkişaf modellərini dünya ilə paylaşacaq: “Bunların sırasında işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyaları xüsusi yer tutur. Bu mənada ölkəmizin postmünaqişə dövründə Qarabağ və Şərqi Zəngəzurda əldə etdiyi təcrübənin beynəlxalq ekspertlərlə müzakirəsi olduqca önəmlidir. Bundan əlavə, forum ölkəmizdə innovativ və dayanıqlı şəhərsalmanın bariz nümunəsi olan “Bakı Ağ Şəhər” və “Sea Breeze” kimi müasir və milli şəhər inkişaf modellərinin beynəlxalq arenada tanıdılmasına da geniş imkanlar açır. Həmçinin son illərdə həyata keçirilən nəqliyyat infrastrukturunun yenilənməsi, rəqəmsal idarəetmə sistemlərinin tətbiqi, şəhərsalma prosesləri çərçivəsində park və yaşıllıq zonalarının genişləndirilməsi Azərbaycanın uğurlu şəhər idarəetmə təcrübəsinin nümunəsi kimi təqdim oluna bilər”.