Qazaxıstanlı deputat: Astana və Bakı Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Avropa arasında əlaqələndirici həlqə rolunu formalaşdırır
Bakı, 19 may, AZƏRTAC
Avrasiyada sürətlə gedən geosiyasi və iqtisadi dəyişikliklər fonunda qitədə yeni dayanıqlılıq və bağlantı mərkəzləri formalaşdıran əməkdaşlıq formatları xüsusi diqqət çəkir. Belə istiqamətlərdən biri də Şərqlə Qərb arasında nəqliyyat, enerji və rəqəmsal əlaqələrin təmin olunmasında getdikcə daha mühüm rol oynayan iki əsas dövlət – Qazaxıstan və Azərbaycan arasında dərinləşən əməkdaşlıqdır.
AZƏRTAC Qazaxıstan Respublikası Parlamenti Məclisinin VIII çağırış deputatı Erlan Stambekovla müsahibəni təqdim edir.
-Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana işgüzar səfərinin və Türk Dövlətləri Təşkilatının Türküstanda keçirilən qeyri-rəsmi Zirvə görüşündə iştirakının əhəmiyyətini necə qiymətləndirirsiniz? Demək olarmı ki, Astana ilə Bakı arasında əməkdaşlıq bu gün keyfiyyətcə yeni mərhələyə yüksəlir?
-Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana işgüzar səfərinə və Türk Dövlətləri Təşkilatının ölkəmizin mənəvi və mədəni paytaxtı olan Türküstanda keçirilən qeyri-rəsmi Zirvə görüşündə iştirakına olduqca böyük əhəmiyyət veririk. Bu səfər dövlətlərimizin strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasət yürütdüyünü bir daha təsdiqləyir. Qazaxıstan-Azərbaycan münasibətlərinin dinamikasına daha geniş kontekstdə nəzər salsaq, artıq söhbətin təkcə ənənəvi dostluq münasibətlərindən deyil, ikitərəfli əlaqələrin strateji məzmununun keyfiyyətcə dərinləşməsindən getdiyi aydın görünür. Bu proses həm xalqlarımızın tarixi və mədəni yaxınlığına, həm də iqtisadi və geosiyasi müstəvidə artan qarşılıqlı asılılığa əsaslanır.
Qazaxıstan və Azərbaycanın Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Avropa arasında əlaqələndirici həlqə rolunu getdikcə daha aydın şəkildə formalaşdırması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, iki ölkə arasındakı əməkdaşlıq klassik ikitərəfli gündəliyin çərçivəsindən çıxaraq, yeni Avrasiya iqtisadi və logistika sisteminin formalaşdırılmasının daha geniş məntiqinin tərkib hissəsinə çevrilir.
Bu prosesin əsas istiqamətləri sırasında Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun – Orta Dəhlizin inkişafı, enerji sahəsində koordinasiya, rəqəmsal transformasiya, eləcə də ərzaq və nəqliyyat təhlükəsizliyi də daxil olmaqla, tədarük zəncirlərinin dayanıqlılığı məsələləri yer alır. Xüsusilə vurğulamaq lazımdır ki, bu dinamika məxsusi xarakter daşımır və hər hansı üçüncü tərəfə qarşı yönəlməyib. Əksinə, açıq və inteqrasiyaedici əməkdaşlıq modeli kimi formalaşır.
-Zirvə görüşü zamanı Türk dünyasının XXI əsrin nüfuzlu geosiyasi mərkəzlərindən birinə çevrilməsi barədə geniş müzakirələr aparıldı. Qazaxıstan-Azərbaycan ittifaqı Avrasiyada formalaşan yeni arxitekturanın dayaqlarından birinə çevrilirmi?
-Avrasiyada baş verən hazırkı geoiqtisadi və geosiyasi dəyişikliklərə nəzər salsaq, Qazaxıstan-Azərbaycanın ittifaqının formalaşmaqda olan regional arxitekturanın əsas struktur elementlərindən birinə çevrildiyi aydın görünür. Coğrafi baxımdan bu iki ölkə Şərqlə Qərb arasında təbii körpü rolunu oynayır, Mərkəzi Asiyanın torpaq yolu marşrutlarını Cənubi Qafqazın dəniz və tranzit infrastrukturu ilə birləşdirir. Qazaxıstan regionun ən böyük iqtisadiyyatı və əsas torpaq yolu tranzit qovşağı kimi çıxış etdiyi halda, Azərbaycan Xəzərdə strateji logistika və enerji habı rolunu oynayır.
Qlobal tədarük zəncirlərinin yenidən qurulduğu, geoiqtisadi rəqabətin gücləndiyi və nəqliyyat marşrutlarının şaxələndirildiyi bir dövrdə alternativ dəhlizlərin əhəmiyyəti artır. Bu baxımdan Xəzər məkanı tədricən Avrasiya məkanında qarşılıqlı əlaqələri təmin edən əsas qovşaqlardan birinə çevrilir. Nəticədə Çin–Mərkəzi Asiya–Xəzər–Qafqaz–Türkiyə–Avropa xətti boyunca yeni nəqliyyat-iqtisadi inteqrasiya oxu formalaşır. Bu konfiqurasiyada Qazaxıstan və Azərbaycan sadəcə iştirakçı deyil, bütün sistemin dayanıqlılığını və funksionallığını təmin edən əsas dayaqlardır.
-Zirvə görüşünün əsas mövzularından biri Orta Dəhliz oldu. Qlobal logistika sistemində baş verən dəyişikliklər fonunda Qazaxıstan və Azərbaycanın bu marşrutun inkişafındakı rolunu necə qiymətləndirirsiniz?
-Orta Dəhliz artıq konseptual müzakirə mərhələsini geridə qoyaraq Avrasiyanın ən mühüm strateji nəqliyyat marşrutlarından birinə çevrilib. Bir neçə il əvvəl o, əsasən perspektivli təşəbbüs kimi qiymətləndirilirdisə, bu gün Asiya ilə Avropa arasında logistika axınlarının yenidən bölüşdürülməsi və daha dayanıqlı alternativ marşrutların axtarışı ilə bağlı dünya ticarətində baş verən real struktur dəyişikliklərinə cavab rolunu oynayır.
Qazaxıstan üçün Orta Dəhlizin inkişafı strateji prioritetdir. Çünki bu marşrut ölkənin Avrasiya məkanının əsas tranzit və logistika qovşaqlarından biri kimi mövqeyinin gücləndirilməsi ilə birbaşa bağlıdır. Son illər Qazaxıstan nəqliyyat infrastrukturunu ardıcıl şəkildə modernləşdirir, dəmir yolu şəbəkəsinin və liman sisteminin ötürücülük qabiliyyətini artırır, logistika proseslərinin səmərəliliyini və şəffaflığını yüksəltməyə yönəlmiş rəqəmsal həllər tətbiq edir.
Eyni zamanda, marşrut üzrə Azərbaycan və digər tərəfdaşlarla, o cümlədən Gürcüstan, Türkiyə, Avropa İttifaqı ölkələri və Çinlə əməkdaşlıq dərinləşdirilir ki, bütün nəqliyyat zənciri üzrə koordinasiya və dayanıqlılıq təmin olunsun. Statistik göstəricilər də bu istiqamətin əhəmiyyətini təsdiqləyir. Belə ki, son beş ildə Orta Dəhliz üzrə yükdaşımaların həcmi altı dəfə artıb, ötən il isə konteyner daşımalarının dəfələrlə artması fonunda ümumi artım 60 faizdən çox olub. Bu prosesdə Qazaxıstan əsas torpaq yolu infrastrukturu və Xəzər dənizinə çıxışı, Azərbaycan isə marşrutun dəniz və liman komponentini formalaşdıraraq, onun Avropa nəqliyyat sisteminə inteqrasiyasını təmin edir. Qeyd etmək lazımdır ki, Orta Dəhliz ətrafında yalnız nəqliyyat deyil, sənaye zonaları, rəqəmsal xidmətlər, enerji layihələri və yeni maliyyə mexanizmlərini əhatə edən daha geniş iqtisadi ekosistem də formalaşır.
-Qazaxıstan və Azərbaycan arasında əməkdaşlıq Türk dünyasının texnoloji inteqrasiyasının hərəkətverici qüvvəsinə çevrilə bilərmi?
-Müasir qlobal inkişaf mərhələsi göstərir ki, rəqəmsal transformasiya və süni intellekt texnologiyalarının tətbiqi dövlətlərin rəqabət qabiliyyətini müəyyən edən əsas amillərə çevrilir. Bu kontekstdə Qazaxıstan dövlət idarəçiliyi, iqtisadiyyat və sosial sahəni əhatə edən kompleks rəqəmsal gündəmi ardıcıl şəkildə inkişaf etdirir. Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinin yaradılması bu istiqamətin dövlət səviyyəsində institusional əsasda formalaşdırıldığını göstərir.
Azərbaycan da rəqəmsal sahədə fəal inkişaf nümayiş etdirir. Bu istiqamətdə gələcəyin kadr potensialının hazırlanmasına yönəlmiş Süni İntellekt Akademiyası kimi təhsil təşəbbüsləri xüsusi yer tutur. Bu sahədə iki ölkənin yanaşmalarının yaxınlaşması ənənəvi iqtisadi əməkdaşlıq çərçivəsindən kənara çıxan daha dərin texnoloji əməkdaşlıq üçün zəmin yaradır. Bu baxımdan Qazaxıstan və Azərbaycan bir-birini tamamlayan imkanlara malikdir və ortaq rəqəmsal platformaların, data mərkəzlərinin, təhsil proqramlarının, eləcə də kibertəhlükəsizlik layihələrinin inkişafı da daxil olmaqla, türk məkanının texnoloji inteqrasiyası üçün baza formalaşdırır.
-TDT-nin fəallaşması türk dövlətləri arasında daha sıx iqtisadi və siyasi məkanın formalaşmasına gətirib çıxara bilərmi?
-TDT çərçivəsində əməkdaşlığın dərinləşməsi prosesi artıq davamlı xarakter alıb. Bununla belə, bu inkişafı sərt vahid idarəetmə sistemi kimi deyil, çevik əməkdaşlıq modelinin formalaşması kimi qiymətləndirmək lazımdır. Bu modelin güclü tərəfi dövlətlər arasında mədəni yaxınlığın iqtisadi əməkdaşlığa praqmatik yanaşma ilə uzlaşdırılmasındadır. Ən real inkişaf istiqamətləri sırasında nəqliyyat sahəsində ortaq standartların formalaşdırılması, rəqəmsal uyğunluğun təmin edilməsi, təhsil və humanitar proqramların genişləndirilməsi, ticarət və logistika prosedurlarının sadələşdirilməsi, eləcə də birgə investisiya təşəbbüslərinin həyata keçirilməsi yer alır. Bu istiqamətlər ardıcıl şəkildə həyata keçirilərsə, orta və uzunmüddətli perspektivdə daha dayanıqlı və qarşılıqlı əlaqələri möhkəm olan Avrasiya əməkdaşlıq məkanının tədricən formalaşacağını gözləmək olar.
-Türk dünyasının inteqrasiyasının gücləndirilməsi üçün Türküstan Bəyannaməsi hansı praktik nəticələri verə bilər?
-Türküstan Bəyannaməsi TDT-nin əsasən simvolik xarakter daşıyan əməkdaşlıq mərhələsindən daha praktik və qarşılıqlı fəaliyyətə əsaslanan əməkdaşlıq modelinə keçidini təsbit edən sənəd kimi mühüm əhəmiyyət kəsb edir. Sənəddə nəqliyyat əlaqələrinin inkişafı, rəqəmsal transformasiya, iqtisadi əməkdaşlıq, enerji tərəfdaşlığı, humanitar sahə və gənclər siyasəti kimi istiqamətlər əsas diqqət mərkəzindədir. Zirvə görüşünün Türk dünyasının əsas tarixi və mənəvi mərkəzlərindən biri olan Türküstanda keçirilməsi də xüsusi rəmzi məna daşıyır.
Bu baxımdan bəyannamə baş verən proseslərin siyasi, iqtisadi və tarixi-mədəni mahiyyətini özündə daşıyır, türk inteqrasiyasının tarixi-mədəni çərçivədən praktiki birgə layihələrə və uzunmüddətli strateji əməkdaşlığa mərhələli keçidini nümayiş etdirir.
Müəllif – Tamilla Məmmədova