ADAU-da Validə Tutayuqun 110 illik yubileyi qeyd olunub
Gəncə, 3 dekabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Azərbaycanın ilk qadın biologiya elmləri doktorlarından biri, botanika və bitkiçilik elminin inkişafında mühüm rol oynayan görkəmli alim Validə Tutayuqun anadan olmasının 110 illiyi münasibətilə tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Validə Tutayuqun həyat və elmi fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib və onun Azərbaycan elminə verdiyi töhfələr barədə ətraflı məlumat təqdim olunub.
ADAU-nun rektoru Zəfər Qurbanov çıxışında Validə Tutayuqun ölkə elmi üçün misilsiz xidmətlərindən bəhs edib. Qeyd edib ki, Validə Tutayuq həm yüksək elmi hazırlığı, həm də sahə həkimi kimi fəaliyyəti ilə Azərbaycan bioloji elminin tarixində silinməz iz qoyub. O, tələbələrin də gələcəkdə belə alimlərin yolunu davam etdirməsinin vacibliyini diqqətə çatdırıb.
Daha sonra tədbirdə Biologiya kafedrasının müdiri Arif Qaziyev, universitetin fəxri professoru və Əməkdar müəllim Bəhman Əliyev, Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının dosenti Firudin Qurbanov, Gəncə Dövlət Universitetinin Botanika kafedrasının müdiri və AMEA-nın müxbir üzvü Vaqif Novruzov, həmçinin Ekologiya və meşəçilik kafedrasının müdiri, professor Nizami Seyidəliyev Validə Tutayuqla bağlı xatirələrini bölüşüblər. Onlar çıxışlarında alimlə uzun illər birgə fəaliyyətləri zamanı onun yüksək peşəkarlığını, tələbələrə göstərdiyi qayğını və institutun elmi mühitinin formalaşmasında mühüm rolunu vurğulayıblar.
Tədbirin sonunda ADAU-nun Biotexnoloji Mərkəzinin kiçik elmi işçisi Elgün Mahmudov və Baytarlıq fakültəsinin Əczaçılıq ixtisası üzrə I kurs tələbəsi Firuz Varəngi çıxış edərək, Validə Tutayuqun elmi irsinin bu gün də gənc alimlər və tələbələr üçün ilham mənbəyi olduğunu vurğulayıblar.