ELM VƏ TƏHSİL
ADİU Azərbaycanın və dünyanın tanınmış iqtisadçılarını bir platformada toplayacaq
Bakı, 28 mart, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) yeni layihəyə - iqtisadçı alimlərin və təcrübəçilərin “diskurs.az” virtual iqtisadi forumu layihəsinə başlayıb. Layihənin məqsədi aktual iqtisadi məsələlərin müzakirəsini təşkil etmək üçün Azərbaycanın, eləcə də tanınmış xarici iqtisadçıların bir araya gələ biləcəkləri məkanın yaradılmasıdır.
Universitetdən AZƏRTAC-a bildirilib ki, “diskurs.az” maraqlı məsələlərə dair materialları həm yerləşdirməyə, həm də onları qiymətləndirməyə və şərhlər əlavə etməyə, habelə sosial şəbəkələrdə paylaşmağa imkan verir. Virtual iqtisadi forumda iqtisadi proseslərin ekspert icmalı təqdim ediləcək, müxtəlif iqtisadi məsələlərə aid müvafiq ekspertlərin rəy və təklifləri yerləşdiriləcək. Eyni zamanda, istifadəçilərə öz maraq dairələrinə uyğun əlavə rubrikalar yaratmaq imkanı da veriləcək. İstifadəçilər və iştirakçılar orada iqtisadiyyatın və biznesin aktual məsələlərini ölkənin aparıcı iqtisadçı alimləri və müxtəlif sahələrin mütəxəssisləri ilə birbaşa müzakirə edə biləcəklər.