ADNSU-nun X məzun-karyera sərgisində 231 vakant iş yeri təqdim olunub
Bakı, 26 may, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) yuxarı kurs tələbələri və universitetin məzunları üçün X məzun-karyera sərgisi keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildirilib ki, koronavirus pandemiyası ilə bağlı olaraq sərgi onlayn formatda təşkil edilib. Sərgidə 63 dövlət qurumu və özəl şirkət tərəfindən 231 vakant iş yeri və 300-ə dək təcrübə yeri təqdim olunub.
Sərginin açılışında çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı dövlət və şirkət nümayəndələrinə təşəkkürünü bildirib. Qeyd edib ki, 2015-2016-cı tədris ilindən etibarən ənənəvi olaraq ADNSU-da keçirilən məzun-karyera sərgiləri gənc mütəxəssislərin birbaşa şirkət nümayəndələri ilə təmas qurmasında və işlə təmin olunmasında mühün platformadır. Rektor tələbə və məzunların işlə təmin olunmasının hər zaman diqqətdə saxlanıldığını və bu istiqamətdə atılan addımlardan biri olaraq məzun-karyera sərgilərinin mühüm rol oynadığını qeyd edib.
Sərgidə energetika nazirinin müavini Elnur Soltanov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli çıxış edərək Azərbaycanda gənclərə göstərilən diqqət və qayğıdan, onların ixtisaslı mütəxəssis kimi yetişməsi ilə yanaşı, ixtisaslarına uyğun işlə təmin olunmasının əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, ADNSU-nun mütəmadi olaraq təşkil etdiyi məzun-karyera sərgiləri də bu baxımdan diqqətəlayiqdir. Şirkətlərin də bu universitetin tələbə və məzunlarına marağının yüksək olması bir daha onu göstərir ki, ADNSU tələbələri gənc mütəxəssislər olaraq özlərini doğruldublar və onlara gələcəkdə də çox ehtiyac olacaq.
Qida Təhlükəsizliyi Agentliyi, “AzərGold” QSC, “AzərEnerji” ASC, həmçinin digər dövlət və özəl şirkətləri öz vakant iş yerlərinı təqdim edərək sərgini dəstəklədiklərini və əməkdaşlıqdan məmnun olduqlarını bildiriblər.
Qeyd edək ki, ADNSU-nun tələbə və məzunları career.asoiu.edu.az linki vasitəsilə universitetin rəsmi saytında yer alan Məzun-Karyera Mərkəzinə daxil olub vakant yerlərlə tanış ola, müvafiq şirkət və daha sonra vəzifəni seçib CV-lərini göndərə bilərlər.