ADNSU tələbələri ilə maarifləndirici görüş keçirilib




Bakı, 20 may, AZƏRTAC
Azərbaycan Neft və Sənaye Universitetinin (ADNSU) “Qida mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələri ilə maarifləndirici görüş keçirilib.
Görüşdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) fəaliyyəti haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, qida zəncirinin bütün mərhələlərində nəzarət mexanizmlərinin qurulması, bununla da əhalinin təhlükəsiz və sağlam qida ilə təmin edilməsi Agentliyin başlıca məqsədlərindən biridir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tələbələrə Agentliyin strukturu, işə qəbul proseduru və karyera imkanları haqqında məlumat verilib. AQTİ-nin nəzdində müasir standartlara uyğun qurulan laboratoriyaların ölkəmizdə qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığının qorunmasında mühüm rolu vurğulanıb.
Görüş zamanı “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupunun fəaliyyətindən bəhs olunub. Qeyd edilib ki, indiyə qədər 2 min 300 nəfər könüllü olmaq üçün müraciət edib, onlardan 550 nəfər seçilib. “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində keçirilən görüşdə tələbələrin dövlət qulluğu, Agentlikdə təcrübə keçmək imkanları barədə sualları cavablandırılıb.
Sonra Universitetin rəhbər və müəllim heyəti ilə görüş keçirilib, əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirələr aparılıb.