ADPU-da müəllimlərin işə qəbulu prosesi ilə bağlı seminar təşkil edilib
Bakı, 19 dekabr, AZƏRTAC
Dekabrın 19-da Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzi tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) maarifləndirmə məqsədilə dövlət ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu prosesi ilə bağlı seminar keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov seminarın məqsəd və məramından danışıb. Bildirilib ki, seminarın keçirilməsində məqsəd ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu qaydaları, müsabiqənin mərhələləri barədə ətraflı məlumat vermək, ali təhsil müəssisəsinin sonuncu tədris ilində pedaqojiprofilli ixtisaslar üzrə təhsil alan tələbələri müsabiqədə iştiraka təşviq etməkdir. ADPU ölkəmizdə müəllim hazırlığının mərkəzi hesab edilir. Son illər Azərbaycan cəmiyyətində müəllim peşəsinin ictimai nüfuzu yüksəlib, bu peşəyə maraq xeyli artıb. Sevindirici haldır ki, son illər 500-dən yüksək bal toplayan çoxlu sayda gənc müəllimlik peşəsini seçir.
Seminarda İnsan Resursları Mərkəzinin baş mütəxəssisləri Elçin Abıyev, Suqra Quliyeva, Əli Qocalı, Nərmin Quliyeva və Aylan Məmmədova təqdimatlar ediblər. Tələbələrə İnsan Resursları Mərkəzinin fəaliyyətini əks etdirən bukletlər paylanılıb. Seminarda, həmçinin müəllimlərin işə qəbulu ilə əlaqədar qanunvericiliklə bağlı məlumat verilib və onların sosial rifahının yüksəldilməsi istiqamətində görülən tədbirlərin əhəmiyyəti qeyd olunub.
Seminarda ADPU-nun məzunları olan və müəllimlərin işə qəbulu müsabiqəsində (MİQ) 59 bal toplayaraq Bakı şəhəri 20 nömrəli tam orta məktəbə ibtidai sinif müəllimliyi ixtisası üzrə işə qəbul edilmiş Xəyalə Hüseynli, 59 bal toplayaraq Bakı şəhəri 102 nömrəli tam orta məktəbə coğrafiya müəllimliyi ixtisası üzrə işə qəbul edilmiş İdris Abıyev, 55 bal toplayaraq Bakı şəhəri 27 nömrəli tam orta məktəbə informatika müəllimliyi ixtisası üzrə işə qəbul edilmiş Elvin Səlimov çıxış edərək müsabiqənin şəffaf və obyektiv keçirilməsindən razı qaldıqlarını bildiriblər.
Sonda tələbələrin sualları cavablandırılıb.