ADPU-nun rektoru: Dilimizin qarşısında duran vəzifələr hər birimizdən məsuliyyət tələb edir
Bakı, 25 may, AZƏRTAC
Ana dili bir xalqın ruhu, tarixi yaddaşı və genetik kodudur. Ulu Öndər Heydər Əliyevin vurğuladığı kimi, xalqı xalq, milləti millət edən onun ana dilidir. Biz bu gün burada təkcə dilimizi müzakirə etmirik, həm də milli kimliyimizi sabahın çağırışlarına necə hazırlayacağımızı müəyyən edirik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Cəfər Cəfərov “Ana dili: kimlik və gələcək” mövzusunda gənclərin iştirakı ilə keçirilən respublika konfransında deyib.
Rektor bildirib ki, ana dilini dərindən bilən və onu sevən müəllim vətənini qoruyan vətəndaş yetişdirir: “Bu gün dilimizin qarşısında duran vəzifələr hər birimizdən, təcrübəli alimlərimizdən, müəllimlərimizdən və gənc tədqiqatçılardan ortaq bir məsuliyyət tələb edir. Dilimizi yad ünsürlərdən, təsirlərdən qorumaq , təmiz saxlamaq və gələcək nəsillərə zəngin bir miras kimi ötürmək hər birimizin müqəddəs borcudur. Ana dilimizdə ifadə olunan hər bir fikir, yazılan hər bir elmi iş Azərbaycanın rifahına, gələcəyinə qoyulan ən böyük sərmayədir. Bu, yaşından və vəzifəsindən asılı olmayaraq hər bir azərbaycanlının mənəvi öhdəliyidir”.