ADU-da “Birgünlük xəlifə” layihəsində iştirak edən tələbələr vəzifələrinin icrasına başlayıblar VİDEO
Bakı, 25 may, AZƏRTAC
Mayın 25-də Azərbaycan Dillər Universitetində (ADU) “Birgünlük xəlifə” layihəsində iştirak edən tələbələr vəzifələrinin icrasına başlayıblar.
AZƏRTAC xəbər verir ki, ilk olaraq xəlifə rektor Nihat Cəfərov və tələbələr Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri qoyublar.
“Birgünlük xəlifə” layihəsi ADU-nun rektoru akademik Kamal Abdullanın tələbələrin idarəetmə istiqamətində təcrübə qazanmalarına hesablanan vacib təşəbbüsüdür. Bu layihə universitetdə 2017-ci ildən həyata keçirilib. Layihə çərçivəsində tələbələr tərəfindən səsvermə yolu ilə seçilən xəlifələr bir gün ərzində universitetin rəhbər strukturlarını idarə edirlər.
Layihəyə əsasən, bir gün ərzində rektor, prorektorlar, dekanlar, mərkəz və şöbə müdirləri vəzifələrini tələbə, magistrant və doktorantlar icra edirlər. Onlar bir gün ərzində universitetdə tədris prosesi, inzibati və s. işlərlə bağlı qərarlar qəbul edir, bir sıra yeniliklər həyata keçirirlər.
Bu gün rəhbər vəzifələri icra edən tələbələrin qərarları tam hüquqi qüvvəyə malikdir. Vəzifələri tutan şəxslər icra etdikləri vəzifənin bir günlük əmək haqqını alacaqlar.
“Birgünlük xəlifə” layihəsinin əsas məqsədlərindən biri tələbələrə ictimai həyatda fəal iştirak etmək, təhsil və bilik əldə etmək, yaradıcı və sağlam tələbə həyatı yaşamaq və imkanlarını genişləndirmək üçün şərait yaratmaqdır. Bu layihə tələbələrin özünüidarəetmə, işgüzarlıq kimi xüsusiyyətlərin inkişafında, onların peşə məsuliyyətini dərk etməsində önəmli rol oynayacaq.