Advent konsertindən əldə olunan gəlir Uşaq Bərpa Mərkəzinə ianə edilib
Bakı, 3 dekabr, AZƏRTAC
Bakıda Macarıstan səfirliyinin dəstəyi ilə Milad öncəsi keçirilən ənənəvi Advent konsertindən əldə olunan gəlirlər K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Uşaq Bərpa Mərkəzinin xüsusi avadanlıqlarla təchiz olunmasına xərclənib.
AZƏRTAC Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, konsertdə Elmi-Tədqiqat Pediatriya İnstitutunun Uşaq Bərpa Mərkəzinin tibbi kollektivi təşkilatçılar tərəfindən təşəkkürnamələr və hədiyyələrlə mükafatlandırılıb.
Konsert proqramı Macarıstanın Bakıdakı səfirliyinin təşkilatçılığı, Macarıstanın “MOL Azərbaycan” neft şirkətinin sponsorluğu, “Nargis” Fondu və Beynəlxalq Muğam Mərkəzinin birgə əməkdaşlığı ilə hazırlanıb.
Qeyd edilib ki, builki ənənəvi Advent konsertində Macarıstanın məşhur “Jazzical Trio”su çıxış edib. Trioya Azərbaycan Respublikasının Əməkdar artisti tarzən Sahib Paşazadə də qoşulub. İki dost ölkənin musiqiçiləri birlikdə tanınmış klassik əsərlərdən parçalar ifa ediblər.