İQTİSADİYYAT
“ADY Express” ötən il 6 milyon tona yaxın yük nəql edib
Bakı, 11 yanvar, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC-nin əsas hədəfi ölkəmizin dəmir yolları vasitəsilə yükdaşımaların həcminin artırılmasına nail olmaqdır. Ötən il ərzində “ADY Express” ixrac, idxal, tranzit və daxili yükdaşımalar rejimində müxtəlif istiqamətdə yüklərin nəqlini həyata keçirib.
MMC-dən AZƏRTAC-a bildirilib ki, ümumi olaraq 2021-ci ildə şirkət dəmir yolu vasitəsilə 5 milyon 716 min 845 ton yük nəql edib. Bunun 427 min 32 tonu daxili, 1 milyon 559 min 620 tonu idxal, 2 milyon 258 min 609 tonu ixrac, 1 milyon 471 min 584 tonu isə tranzit yüklərin payına düşür.
Statistik göstəricilərdən göründüyü kimi ən çox yükdaşımalar ixrac yüklərinin payına düşüb. Bu yüklərin təyinat ölkələri əsasən İtaliya, Rusiya, Gürcüstan və Braziliya olub. Yüklərin növünə gəlincə, ixrac rejimində daha çox azot gübrələri, dizel, bitum və qudron, digər neft məhsulları və meyvə-tərəvəz nəql edilib.
“ADY Express”in idxal rejimində nəql etdiyi yüklərin mənşəyi isə əsasən Rusiya, Braziliya, Qazaxıstan və Ukrayna olub. Bu tip rejimdə daha çox buğda, ağac məhsulları, şəkər, benzin və qara metal nəql olunub.
Tranzit yükdaşımalarda “ADY Express” MMC daha çox Rusiya-Türkiyə, Rusiya-Gürcüstan, Rusiya-İran və Orta Asiya ölkələri ilə Gürcüstan və Türkiyə arasında yükdaşımalar həyata keçirib. Bu tip yükdaşımalarda daha çox azot gübrələri, benzin, neft məhsulları, metal yüklər və mineral sular nəql edilib.