İQTİSADİYYAT
ADY sədri: Azərbaycan region ölkələri üçün tranzit imkanlarını təmin etməkdədir
Bakı, 20 sentyabr, AZƏRTAC
Azərbaycanın açıq dənizə çıxışı olmasa da, beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilib.
AZƏRTAC xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Bakıda keçirilən “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmir yolu administrasiyaları rəhbərlərinin məşvərət toplantısında bildirib.
Onun sözlərinə görə, Asiya ilə Avropa arasında körpülərin qurulmasına investisiya yatıran, qonşuları ilə birləşən şaxələnmiş dəmir yolu şəbəkəsi yaratmış Azərbaycan region ölkələri üçün tranzit imkanlarını təmin etməkdədir.
“Orta Dəhlizin daha bir qolu olaraq İran ərazisindən keçməklə Bakı-Naxçıvan-Qars dəmir yolu xəttinin yaradılması üzrə işlər görülür, paralel olaraq Şimal-Cənub dəhlizinin əlaqələndirilməsi nəticəsində Azərbaycanın özü və tərəfdaşları üçün tranzit imkanlarını genişləndirəcəyi gözlənilir. Çinin Qaşqar əyalətindən avtomobil yolu vasitəsilə Qırğızıstandan keçməklə Özbəkistanın Əndican şəhərində dəmir yoluna qoşulmaqla yüklər daşınır ki, bu yaxınlarda Çin, Qırğızıstan və Özbəkistan arasında bu hissədə dəmir yolu xəttinin tikilməsilə bağlı razılıq əldə edilib və işlərin yaxın illərdə yekunlaşacağı planlaşdırılır. Bu yeni dəmir yolu xətti regionda yerləşən digər ölkələr Tacikistan, Türkmənistan, Əfqanıstan və Pakistan üçün də yeni imkanlar açacaq. Burada Orta Dəhliz ilə TransAfqan dəhlizi arasında əlaqənin yaradılması kimi potensial imkanlar da var”, - deyə ADY sədri bildirib.
R.Rüstəmov əlavə edib ki, Çinlə Əndican şəhəri, o cümlədən Çinlə Tacikistanın Düşənbə şəhəri arasında magistral avtomobil yolları ilə yük daşımaları həyata keçirilir ki, bu daşımaları da dəmir yolu şəbəkəsinə qoşmaqla onları Şərq-Qərb istiqamətində multimodal daşımaların tərkib hissəsi etmək olar.
Qurum sədri qeyd edib ki, Prezident İlham Əliyev müxtəlif regional və qlobal platformalarda dəfələrlə Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsünə dəstək verdiyini bildirib: “Bu təşəbbüsün əyani davamı kimi ölkəmiz tərəfdaş dövlətlər və onların dəmir yolu administrasiyaları ilə əməkdaşlıq edərək Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində əhəmiyyətli işlərə imza atıb”.