AEK klubu Avropa kuboklarından kənarlaşdırıldığına görə üzr istəyib
Bakı, 22 fevral, AZƏRTAC
Avropa kubokları turnirlərindən bir il müddətinə kənarlaşdırılan Yunanıstanın AEK futbol klubu azarkeşlərin törətdikləri iğtişaşa görə öz məsuliyyətini etiraf edərək üzr istəyib.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, fevralın 22-də Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) AEK-i növbəti mövsümdə Avropa kubokları turnirlərindən kənarlaşdırıb. Bununla bağlı klubun yaydığı bəyanatda deyilir: “Komandamız baş verənlərdə öz məsuliyyətini etiraf edir və üzr istəyir. Biz, ilk növbədə, öz adımıza və klubumuzun Avropa futbol tarixində şöhrətinə xələl gətirmişik. Hamımız bilməliyik ki, hadisələrin bugünkü inkişafı macəraların sonu demək deyil, əksinə, gələcəkdə bu cür halların baş verməməsi üçün bu qərara əməl olunması və zəruri tədbirlər görülməsi istiqamətində daha mürəkkəb kursun başlanğıcıdır”.
Sanksiyalar Çempionlar liqasının qrup mərhələsində ötən il noyabrın 27-də Yunanıstanda AEK-lə “Ayaks” arasında keçirilmiş və 2:0 hesabı ilə hollandların qələbəsi ilə başa çatmış matçın yekununa görə tətbiq olunub. KİV-lərin məlumatına görə, yunan komandasının fanatları matç günü Amsterdamdan gəlmiş azarkeşlərə bir neçə dəfə hücum edib, sonra bu hərəkətlər şəhərdə kütləvi iğtişaşların baş verməsi ilə nəticələnib. Azarkeşlər arasında dava-dalaş stadionda matçın keçirildiyi vaxtda da davam edib, qarşı tərəflər bir-birlərinə pirotexniki vasitələr atıblar.