İDMAN
AFFA-nın intizam komitəsi “Zirə” klubunu 2600 manat məbləğində cərimələyib
Bakı, 11 fevral, AZƏRTAC
Fevralın 11-də AFFA-nın intizam komitəsinin iclası keçirilib. İclasda həftə ərzində oynanılan görüşlərdə intizam qaydalarının pozulması halları ilə bağlı müvafiq qərarlar qəbul edilib.
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, Premyer Liqanın XVI turunda keçirilən “Sumqayıt” - “Zirə” oyununda ev sahiblərinin heyətində 4, qonaq komandada isə 6 futbolçu sarı vərəqə ilə cəzalandırıldığı üçün hər iki klub 800 manat məbləğində cərimə olunub.
Həmçinin “Zirə” klubunun futbolçusu İlkin Muradov ikinci sarı (qırmızı) vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün o, bir oyunluq cəzalandırılıb, klub isə 200 manat məbləğində cərimələnib.
Həmin qarşılaşmanın 68-ci dəqiqəsində “Zirə” klubunun 10 nömrəli futbolçusu Ağabala Ramazanov birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün ona iki oyunluq cəza verilib. Buna görə klub da 1600 manat məbləğində cərimə edilib.
AFFA-nın intizam komitəsinin iclasında I Divizionun XIV turunda, Gənclər, U-17, U-16, U-14, U-13, Region liqalarında və futzal üzrə Azərbaycan kubokunun onaltıdabir final mərhələsində keçirilən bəzi görüşlərdə də intizam qaydalarının pozulması halları ilə bağlı müvafiq qərarlar qəbul olunub.