AĞ EV VİTSE-PREZİDENT RİÇARD ÇEYNİNİN AZƏRBAYCANA SƏFƏRİNİN MƏQSƏDLƏRİNİ AÇIQLAMIŞDIR
Xəbər verdiyimiz kimi, sentyabrın 2-dən ABŞ Prezidenti Corc Buşun tapşırığı ilə vitse-prezident Riçard Çeyninin Azərbaycan, Gürcüstan, Ukrayna və İtaliyaya səfəri başlayacaqdır. Səfərin məqsədini jurnalistlərə şərh edən Ağ evin yüksək səviyyəli rəsmisi bildirmişdir ki, son vaxtlar bölgədə baş verən hadisələrlə əlaqədar ABŞ dostları ilə məsləhətləşib səyləri əlaqələndirməyi çox vacib hesab edir.
Səfərin təfsilatı barədə danışan Ağ evin rəsmisi bildirmişdir ki, Riçard Çeyni Azərbaycan rəhbərliyi ilə görüşlərində regionda yaranmış vəziyyətlə bağlı məsləhətləşmələr aparacaq, gündəlikdə olan digər mühüm məsələləri müzakirə edəcək, həmçinin terrorla mübarizədə etibarlı tərəfdaş olan Azərbaycana Əfqanıstan və İraqda sülhyaratma prosesində fəal iştirakına görə Birləşmiş Ştatlar hakimiyyətinin minnətdarlığını çatdıracaqdır.
Görüşlərdə enerji məsələləri, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli zərurəti, bu yaxınlarda prezident seçkiləri keçiriləcək Azərbaycanda demokratiya və qanunun aliliyinin möhkəmləndirilməsi istiqamətində davamlı səylər ətrafında fikir mübadiləsi aparılacaqdır.
Ağ evin rəsmisi bildirmişdir ki, enerji ehtiyatlarının işlənilməsi və etibarlı şəkildə dünya bazarlarına nəql edilməsində Azərbaycan xalqına kömək məsələsi öz enerji gələcəyini planlaşdıran ABŞ və Avropa dövlətlərinin çox möhkəm ortaq marağıdır. Azərbaycan, Mərkəzi Asiya və Xəzər hövzəsi əlavə enerji mənbələrinin inkişaf etidirilməsi və onların beynəlxlaq bazarlarda yerləşdirilməsi üçün yaxşı imkanlar açır.