CƏMİYYƏT
Ağac kəsən şəxs cəzalandırılıb
Bakı, 25 iyun, AZƏRTAC
Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları gecə saatlarında İsmayıllı rayonunun Qalıncaq meşəbəyliyinin 3 saylı dolayında müxtəlifcinsli beş ağacın kəsilməsi faktını aşkarlayıblar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təcili tədbirlər nəticəsində polis əməkdaşlarının köməyi ilə ağacları kəsən şəxsin 23-BG-880 dövlət nömrə nişanlı “Qazel” markalı avtomobillə meşə ərazisindən uzaqlaşmaq cəhdinin qarşısı alınıb. Qanun pozucusunun İsmayıllı rayon sakini İlyas Baxışov olduğu müəyyənləşib.
Faktla bağlı akt, protokol tərtib edilib və İ.Baxışov 1332 manat məbləğində cərimələnib.
Nazirlik İsmayıllı rayonunun əhalisinə, xüsusilə də ağacların kəsildiyi meşə sahəsinə yaxın Qalıncaq kəndinin sakinlərinə müraciət edir ki, meşə sərvətlərinə bu cür münasibət bəsləyən həmkəndlilərini qaydaları pozaraq ağac kəsməkdən çəkindirsin, tənbeh etsin, ictimai yerlərdə qınasın və meşələrin mühafizə olunmasına kömək göstərsinlər.