REGİONLAR
AĞCABƏDİ RAYONU TƏRƏQQİ YOLUNDADIR
Ağcabədi Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə cari ilin birinci yarısının yekunları, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2007-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasında qarşıya qoyulmuş vəzifələr müzakirə edilmişdir. Müşavirədə rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun məruzəsi dinlənilmişdir. Natiq bildirmişdir ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi islahatları bütün sahələrdə dövrün tələblərinə uyğun davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev respublikamızı sürətli tərəqqi yoluna çıxarmışdır. Rayonda 2007-ci ilin 6 ayında ötən ilin müvafiq dövrünə nisbətən 9,6 dəfə çox sənaye məhsulu, 26,7 faiz artıq kənd təsərrüfatı məhsulları istehsal edilmiş, tikintidə 1,7 dəfə çox iş görülmüşdür. Ötən ilin müvafiq dövrünə nisbətən əhaliyə 8,5 faiz çox nəqliyyat xidməti, 45,6 faiz çox rabitə xidmət, 31 faiz çox ticarət xidməti göstərilmişdir. İqtisadiyyatın əsas sahələri üzrə məhsul istehsalı 45 faiz artmış, cari ilin 6 ayı ərzində 1049 iş yeri açılmışdır ki, bunun da 496-sı daimi iş yeridir. Ağcabədi şəhərində, eləcə də rayonun yaşayış məntəqələrində tikinti-abadlıq işləri görülmüş, yollara asfalt döşənmiş, əhalinin elektrik enerjisi və içməli su ilə təminatı yaxşılaşdırılmış, 30 mindən çox ağac əkilmiş, 20 Yanvar şəhidlərinin xatirəsinə yeni xatirə kompleksi inşa edilmiş, şəhər mərkəzi parkında, küçə və meydanlarda təmir bərpa işləri aparılmışdır. Təhsil, səhiyyə, mədəniyyət sahələri də inkişaf etdirilmişdir. Hazırda Ağcabədi şəhərinə təbii qaz xətti çəkilir. Bunun üçün 400 min manat vəsait ayrılmışdır.
Yığıncaqda rayonun idarə-müəssisə rəhbərləri çıxış edərək görülmüş işlərdən, qarşıda duran vəzifələrdən danışmışlar.
Yığıncaqda Prezidentin İcra Aparatının məsul işçisi Niyaz Əliyev iştirak etmişdir.