CƏMİYYƏT
AĞCABƏDİDƏ “DÖVLƏT-DİN MÜNASİBƏTLƏRİ” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLMİŞDİR
Ağcabədi, 3 iyun (AZƏRTAC). Ağcabədidə “Azərbaycanda dövlət-din münasibətləri” mövzusunda seminar-treninq keçirilmişdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi və Laçın rayon icra hakimiyyətləri ilə birgə keçirdiyi tədbirdə dini icmaların üzvləri, ərazi nümayəndələri, bələdiyyələrin sədrləri, ziyalılar, yerli dindarlar iştirak etmişlər.
Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin şöbə müdiri Rahilə Şükürova “Azərbaycanda dövlət-din münasibətlərinin formalaşması”, Laçın Rayon İcra Hakimiyyətinin məsləhətçisi Elnur Qəmbərov “Heydər Əliyev və milli mənəvi dəyərlərimiz”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul işçisi Əliheydər Zülfüqarov “Azərbaycanda dövlət-din münasibətlərinin hüquqi əsasları” mövzularında məruzələr etmişlər.
Məruzə və çıxışlarda dövlət-din siyasətinin həyata keçirilməsi, qeyri-ənənəvi təriqətlərin, zərərli təbliğatın qarşısının alınması, milli mənəvi dəyərlərin, ölkədəki tolerantlıq mühitinin qorunub saxlanması, dövlət-din münasibətlərini tənzimləyən qanunvericilik bazası və digər məsələlər öz əksini tapmışdır.
Seminar-treninqdə iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.