Ağcabədidə keçirilən intellektual müsabiqədə 16 komanda mübarizə aparıb
Ağcabədi, 27 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağcabədi şəhərindəki Qarabağ Muğam Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş gənclər arasında intellektual oyun üzrə rayon müsabiqəsi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının birgə keçirdiyi müsabiqədə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın Dövlət Himni səsləndirilib.
YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolundan danışıb.
Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov intellektual oyunun keçirilmə qaydaları ilə bağlı iştirakçıları məlumatlandırdıqdan sonra müsabiqəyə start verilib.
Müsabiqədə hər komandada 5 əsas 2 ehtiyat oyunçu olmaqla, 16 komanda 4 qrupda mübarizə aparıb.
Qruplarda birinci yeri tutmuş komandalar arasında final oyunu keçirilib. Gərgin və maraqlı intellekt savaşı ilə keçən müsabiqənin yekun nəticələrinə əsasən Ağcabədi şəhər 2 nömrəli tam orta məktəbin komandası birinci, 5 nömrəli tam orta məktəbin komandası ikinci, Hacıbədəlli və Rəncbərlər kənd tam orta məktəblərinin komandaları üçüncü yerə layiq görülüb.
Qalib komandalara təşkilatçılar tərəfindən diplom və medallar təqdim olunacaq.