CƏMİYYƏT
Ağcabədidə nöqsanlar aşkarlanan pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb
Bakı, 28 aprel, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Ağcabədi rayonu, Dördyol ərazisində fiziki şəxs Nəcəfov Təşkilat Qərib oğluna məxsus pendir sexində yoxlama aparılıb.
Yoxlama zamanı sexdə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, həmçinin müəssisədə sanitar-texniki və sanitariya-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi aşkarlanıb. Müəssisədə mexaniki havalandırma sisteminin quraşdırılmadığı, süni işıqlandırma zamanı istifadə olunan lampaların qoruyucu üzlüklə üzlənmədiyi, texnoloji ardıcıllıq prinsipinin gözlənilmədiyi, döşəmə və divar səthlərinin asan təmizlənə bilən və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materialla üzlənmədiyi, pəncərələrin toz və həşəratlara qarşı qoruyucu torla təmin olunmadığı, işçi heyətin müvafiq sahə ilə təchiz edilmədiyi və dövri tibbi müayinədən keçmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar məlum olub.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.