Ağdamda əmək ehtiyatlarının 77,3 faizini iqtisadi fəal əhali təşkil edir
Ağdam, 23 dekabr, AZƏRTAC
Respublikamızda həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən biri əmək bazarının inkişafı və işçi qüvvəsindən səmərəli istifadə edilməsidir. Ölkəmizin hər yerində olduğu kimi cəbhə bölgəsində yerləşən Ağdam rayonunda da iqtisadiyyatının inkişafı, əhalinin sosial rifahı və həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə yeni iş yerləri, müəssisələr yaradılır.
Ağdam rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2018-ci ilin doqquz ayında rayonda 4398 yeni iş yeri açılıb. Onun da 335-i daimi, 4063-ü mövsümidir. Hazırda Ağdam rayonunda əmək ehtiyatlarının sayı 128,8 min nəfərdir ki, bunun da 125,6 mini əmək qabiliyyətli yaşda əmək qabiliyyətli əhalidən, 2,6 mini iqtisadiyyatla məşğul olan əmək qabiliyyətli yaşdan yuxarı əhalidən, 0,6 mini iqtisadiyyatla məşğul olan yeniyetmələrdən ibarətdir. Əmək ehtiyatlarının 99,6 min nəfərini və ya 77,3 faizini iqtisadi fəal əhali təşkil edir. İqtisadi fəal əhalinin 94,3 mini iqtisadi-sosial sferada məşğul olanlardır. Rayon üzrə məşğul əhalinin 47,6 mini kənd təsərrüfatı, 1,8 mini emal sənayesi, 0,2 mini elektrik enerjisi, qaz və buxar istehsalı, bolüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı, 8 mini tikinti, 15,3 mini ticarət, nəqliyyat vasitələrinin təmiri, 1,6 mini nəqliyyat və anbar təsərrüfatı, 0,9 mini turistlərin yerləşdirilməsi və ictimai iaşə, 0,1 mini informasiya və rabitə, 0,1 mini maliyyə və sığorta, 0,2 mini daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 0,3 mini peşə, elm və texniki fəaliyyətlə, 0,1 mini inzibati və yardımçı xidmətlərin göstərilməsi, 2,8 mini dövlət idarəetməsi və müdafiə, sosial təminat, 8,5 mini təhsil, 2,4 mini əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 1,5 mini istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 2,5 min nəfəri isə digər sahələrdə xidmətlərin göstərilməsi ilə məşğul olur.