Ağdamda “Şuşalı qəhrəman İsrafil İbrahimov: Yalnız irəli-4” filminin təqdimatı olub
Ağdam, 16 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam Muğam Mərkəzində “Azərbaycan-İraq” Mədəni Əlaqələr İctimai Birliyinin layihəsi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Vətən Media” yaradıcılıq qrupunun təşkilatçılığı ilə çəkilmiş, Vətən müharibəsi şəhidi İsrafil Zülfüqar oğlu İbrahimovun xatirəsinə həsr olunmuş “Şuşalı qəhrəman İsrafil İbrahimov: Yalnız İrəli-4” sənədli filminin təqdimatı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid ailələrinin, qazilərin, QHT-lərin və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov çıxış edərək şəhid İsrafil İbrahimovun keçdiyi şərəfli döyüş yolundan, şəhid ailələrinə, qazilərə göstərilən dövlət qayğısından danışıb.
Şəhidin atası Zülfüqar İbrahimov filmin ərsəyə gəlməsində əməyi olanlara və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. Çıxışlardan sonra film nümayiş olunub.
Qeyd edək ki, Azərbaycan Ordusunun kiçik çavuşu olan İsrafil İbrahimov 44 günlük Vətən müharibəsində Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, oktyabrın 26-da Laçın rayonunun Səfiyan kəndi istiqamətində qəhrəmancasına şəhid olub. İsrafil İbrahimov ölümündən sonra Prezidentin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.