Ağdaşda şəhid məzarları ziyarət olunub
Ağdaş, 5 may, AZƏRTAC
Ramazan bayramı ərəfəsində Ağdaşda şəhid məzarları ziyarət olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon rəhbərləri, ağsaqqallar, ictimaiyyət nümayəndələri Ağdaş şəhərində, Yuxarı Ağcayazı və Ərəbocağı kəndlərində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan döyüşçülərin məzarlarını ziyarət ediblər. Ziyarətə gələnlər şəhid məzarlarının üzərinə gül dəstələri düzüb, xatirələrini ehtiramla yad ediblər.
Rayon rəhbərləri ziyarət zamanı yerlərdə şəhidlərin valideynləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıblar. Valideynlər şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.