Ağdaşda Ümummilli Liderə həsr olunan mühazirələr dinlənilib
Bakı, 27 noyabr, AZƏRTAC
Noyabrın 23-də Mingəçevir Dövlət Universiteti (MDU) və Mərkəzi Aran Regional Təhsil İdarəsinin (RTİ) birgə təşkilatçılığı ilə Ağdaş şəhər Nizami Gəncəvi adına 2 nömrəli tam orta məktəbdə “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” mövzusunda mühazirə keçirilib.
MDU-dan AZƏRTAC-a bildirilib ki, “Heydər Əliyev İli” çərçivəsində təşkil edilən mühazirədə məktəbin müəllim və şagird kollektivi üzvləri, Mingəçevir Dövlət Universitetinin bir qrup əməkdaşı iştirak edib.
Tədbirin açılışında məktəbin direktor əvəzi Nurlan Qəribov və MDU-nun Təhsil fakültəsinin dekan müavini Flora Namazova çıxış ediblər. Vurğulanıb ki, məktəblilər üçün təşkil edilən hazırkı mühazirələr müasir Azərbaycan dövlətinin memarı, Ümummilli Lider, dünya miqyaslı siyasətçi Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və gənclər arasında təbliği istiqamətində görülən işlərə töhfə məqsədi daşıyır.
Sonra proqrama uyğun mühazirələr dinlənilib.
MDU müəllimlərindən Flora Namazova “Heydər Əliyevin dövlətçilik təlimində ədəbiyyat siyasəti”, Namaz Manafov “Heydər Əliyev və Azərbaycan dili” və Vüsalə Mövlayeva “Heydər Əliyev irsindən güc alan tarixi Zəfərimiz” mövzusunda məruzələrlə çıxış ediblər.
Məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, MDU və Mərkəzi Aran RTİ arasında imzalanmış Tədbirlər Planı çərçivəsində Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş silsiləvi tədbirlər keçirilir.