İDMAN
Ağır atletika üzrə Azərbaycan birinciliyinin açılış mərasimi olub
Bakı, 28 aprel, AZƏRTAC
Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) təşkilatçılığı ilə 20 və 23 yaşadək gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyinə start verilib.
Federasiyadan AZƏRTAC-a bildiriblər ki, Xırdalan şəhərindəki AAAF Park Yaşayış Kompleksinin yarış zalında keçirilən turnirdə ölkəmizin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzdən çox atlet iştirak edir.
Yarışın açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fəxrəddin İsmayılov atletlərin turnirdə medallar uğrunda mübarizə aparmaqla yanaşı, IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədilə qüvvələrini sınadıqlarını vurğulayıb. O, idmançılara birincilikdə, ümumiyyətlə qarşıdakı yarışlarda uğurlar arzulayıb.
AAAF-in baş katibi Rizvan Rəsulov yarışın əsas məqsədinin IV İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək yığma komandanın heyətinin formalaşdırılması olduğunu bildirərək deyib: “Bununla yanaşı, bu yarış iyunda Yaponiyada keçiriləcək gənclər arasında dünya çempionatından, həmçinin sentyabrda Albaniyada təşkil olunacaq Avropa birinciliyindən əvvəl qüvvələr nisbətinə baxış xarakteri daşıyacaq. Bütün atletlərimizə uğurlar arzulayıram. Qoy, güclü qalib gəlsin”.
Sonra yarış açıq elan edilib, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Yarış 56 kiloqram çəki dərəcəsində atletlərin mübarizəsi ilə davam etdirilib.