İDMAN
Ağırlıqqaldırma Federasiyasında II Qran-Pri yarışında uğur qazanan atletlə görüş olub
Bakı, 26 dekabr, AZƏRTAC
Azərbaycan Ağırlıqqaldırma Federasiyasında (AAF) Qətərin paytaxtı Dohada keçirilən Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının II Qran-Pri yarışında fərqlənən Dadaş Dadaşbəyli ilə görüş olub.
AAF-dən AZƏRTAC-a verilən məlumata görə, federasiya prezidenti Kamran Nəbizadə bu turnirdə təkanla qaldırma hərəkətində gümüş, birdən qaldırma hərəkəti və yekun sıralamada da qızıl medal qazanaraq çempion olan atleti təbrik edib, qələbəsi üçün təşəkkür edib, növbəti yarışlarda uğurlar arzulayıb.
K. Nəbizadə qeyd edib ki, Azərbaycanda dövlətin, şəxsən Prezident İlham Əliyevin idmana yüksək səviyyədə diqqət və qayğısı var: “Məhz bunun nəticəsində idmançılarımız müxtəlif beynəlxalq yarışlarda qələbələr qazanır, bayrağımızı yüksəldir, himnimizin səslənməsinə nail olurlar. Dadaşbəylinin uğuru da bu qəbildəndir. Bu qələbələr hamımızı fərəhləndirir və qürurlandırır, idmanımızın inkişafına təkan verir”. AAF rəsmisi belə görüşlərin mütəmadi olacağını bildirib, federasiyanın məqsədyönlü fəaliyyətinin nəticə verəcəyinə, Avropa və dünya çempionatları, Olimpiya Oyunları və digər beynəlxalq yarışlarda növbəti nailiyyətlərə inamını ifadə edib.
D. Dadaşbəyli bu görüşün ona böyük stimul olacağını bildirib. Atlet bundan sonra da ona olan etimadı doğrultmaq üçün əlindən gələni edəcəyini deyib.