Ağsu ictimaiyyəti 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə dərin ehtiramını bildirmişdir
Ağsu , 20 yanvar (AZƏRTAC). Azərbaycanın suverenliyi uğrunda mübarizənin qanla yazılmış şanlı səhifəsi olan 20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümü Ağsu ictimaiyyəti tərəfindən izdihamlı mərasimlə qeyd olunmuşdur.
AZƏRTAC xəbər verir ki, səhər saatlarında “Qəhrəmanlıq parkı”na toplaşan rayon rəhbərləri, idarə, müəssisə və təşkilatların, ictimaiyyətin çoxsaylı nümayəndələri faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Mərasimdə çıxış edənlər 20 Yanvar faciəsini çökməkdə olan sovet imperiyasının Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda ümumxalq mübarizəsinə qarşı yönəldilmiş bir qəsd olduğunu vurğulamışlar. Qeyd olunmuşdur ki, 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya yeridilmiş xüsusi hərbi hissələr dinc, əliyalın əhaliyə qarşı görünməmiş vəhşiliklər törətmiş, yüzlərlə insan, o cümlədən uşaqlar və qadınlar, qocalar qətlə yetirilmişdir.
Hadisədən əvvəl Azərbaycan televiziyasının enerji blokunun partladıldığını, ölkəmizin informasiya blokadasına alındığını diqqətə çatdıran natiqlər belə ağır bir vaxtda ulu öndər Heydər Əliyevin Moskvada Azərbaycan nümayəndəliyinə gəlib baş verənlərə kəskin etiraz etməsini xalq qarşısında tarixi xidmət kimi səciyyələndirmişlər.
Çıxış edənlər qəhrəman oğul və qızlarımızın əziz xatirəsinin daim qəlblərdə yaşayacağını, 20 Yanvar faciəsinin Azərbaycanın azadlığı uğrunda mübarizənin şanlı tarixi olduğunu söyləmişlər.
Mərasim iştirakçıları sıx sıralarla “Qəhrəmanlıq parkı” abidəsinin önündən keçmişlər. Daha sonra izdiham torpaqlarımızın azadlığı uğrunda şəhid olan ağsuluların uyuduğu şəhidlər qəbiristanlığına yönəlmiş, məzarların üstünə çiçəklər qoymuş, şəhidlərin xatirəsi ehtiramla yad olunmuşdur.
Daha sonra rayon mədəniyyət sarayında əbədi-bədii kompozisiya nümayiş etdirilmişdir.