Ağsu, Şamaxı və İsmayıllı rayonlarında ət kəsimi məntəqələrində məlumatlandırıcı buklet və flayerlər paylanılıb
Bakı, 26 may, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) regional bölmələri tərəfindən “Erkən kəsimə son!” kampaniyası çərçivəsində bölgələrdə maarifləndirmə tədbirlərinə başlanılıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, kampaniya çərçivəsində Ağsu, Şamaxı və İsmayıllı rayonlarında fəaliyyət göstərən ət kəsimi məntəqələrində AQTA tərəfindən hazırlanan məlumatlandırıcı buklet və flayerlər paylanılıb. Hazırlanan materiallarda quzuların erkən yaşda kəsilməsinin həm iqtisadi, həm də bioloji baxımdan yaratdığı risklər, eləcə də bu praktikanın uzunmüddətli mənfi təsirləri ətraflı izah olunub.
Maarifləndirici materiallarda qeyd edilib ki, quzuların erkən kəsilməsi nəticəsində əldə olunan ət tam formalaşmadığından qida dəyəri aşağı olur. Bununla yanaşı, erkən kəsim heyvanların genetik potensialının zəifləməsinə, məhsuldarlığın azalmasına və ölkədə ət istehsalının davamlılığına mənfi təsir göstərir.
Bildirilib ki, kampaniyanın əsas məqsədi fermerlər, heyvandarlıqla məşğul olanlar və ictimaiyyət arasında maarifləndirməni gücləndirmək, erkən kəsim hallarının qarşısının alınmasına ictimai dəstəyi artırmaqdır.
Qeyd edək ki, indiyədək kampaniyaya millət vəkilləri, ictimai fəallar və tanınmış blogerlər də qoşularaq təşəbbüsə dəstək verib, quzuların erkən kəsiminin qarşısının alınmasının vacibliyini ictimaiyyətin diqqətinə çatdırıblar.