Aİ-nin keçmiş diplomatiya rəhbərinə qarşı rəsmi şəkildə ittiham irəli sürülüb
Paris, 3 dekabr, AZƏRTAC
Avropa İttifaqının (Aİ) diplomatiyasına 2014–2019-cu illərdə rəhbərlik etmiş, hazırda isə Brüjdə yerləşən Avropa Kollecinin (Collège d’Europe) rektoru olan Federika Moqeriniyə qarşı Avropa Prokurorluğu (EPPO) tərəfindən irəli sürülən ittihamlar Brüsseldə böyük səs-küyə səbəb olub. O, Avropa Xarici Fəaliyyət Xidməti (SEAE) tərəfindən gələcək diplomatlar üçün nəzərdə tutulan təlim proqramının Avropa Kollecinə verilməsi zamanı tərəfkeşlik və fırıldaqçılıq şübhələri ilə üzləşib.
AZƏRTAC xəbər verir ki, 2022-ci ilin sonunda Avropa Parlamentini silkələyən “Qatargate” qalmaqalından sonra Avropa qurumlarında yeni bir böhran baş qaldırıb. Dekabrın 2-də Avropa Prokurorluğunun göstərişi ilə Belçikanın federal polisi SEAE-nin Brüssel qərargahında və Brüjdəki Avropa Kollecində genişmiqyaslı axtarışlar aparıb. Bu əməliyyat Aİ büdcəsinin qorunması və ciddi maliyyə pozuntularının araşdırılması ilə məşğul olan EPPO tərəfindən idarə olunub. Axtarışlardan sonra üç nəfər saxlanılıb və dekabrın 3-də səhər onlar – Avropa Kollecinin rektoru və Aİ xarici işlər üzrə keçmiş ali nümayəndəsi Federica Moqerini, SEAE-nin keçmiş baş katibi Stefano Sannino və Kollecin yüksəkvəzifəli əməkdaşı - rektorun müşaviri rəsmi şəkildə ittiham olunublar. Kollecin kommunikasiya direktoru isə həmin gün ərzində əlçatmaz olub.
İttihamların mahiyyəti tender saxtakarlığı, korrupsiya və məxfi məlumatlara çıxışdır. Avropa Prokurorluğu açıqlamasında şübhələrin ictimai satınalmalar üzrə fırıldaqçılıq, korrupsiya, maraqların toqquşması və peşə sirrinin pozulması ilə bağlı olduğunu bildirib. Araşdırma SEAE tərəfindən 2021-2022-ci illərdə Aİ-nin yeni yaradılan “Avropa İttifaqının Diplomatik Akademiyası” proqramının Avropa Kollecinə verilməsi prosesinin ədalətli olub-olmadığını müəyyənləşdirməyi hədəfləyir. Doqquz ay davam edən bu proqram müxtəlif üzv ölkələrdə həyata keçirilir və Aİ diplomatik xidmətinə qədəm qoyacaq gəncləri hazırlamaq məqsədi daşıyır.
Belçika istintaqı xüsusi olaraq, “Kollecin əməkdaşları tender meyarlarını əvvəlcədən biliblərmi?”, “SEAE və Avropa Kolleci Aİ fondlarını 2021-ci və 2022-ci illərdə qanunsuz şəkildə yönləndiriblərmi?”, “ Kollec 3,2 milyon avroya diplomatik tələbələr üçün bina alarkən, tender başlamazdan əvvəl məxfi məlumatlara çıxış əldə edibmi?” kimi suallara cavab axtarır. Bu məsələlər Avropa Antifırıldaq Ümumi İdarəsi (OLAF) tərəfindən də araşdırılıb və qurum artıq nəticələrini EPPO-ya təqdim edib.
Avropa Komissiyası davam edən istintaqa görə şərh verməkdən imtina edib. Avropa Kollecinin prezidenti, keçmiş Avropa Şurası rəhbəri Herman Van Rompey də vəziyyətdən xəbərsiz olduğunu bildirib.
Qeyd edək ki, Federika Moqerininin 2020-ci ildə Avropa Kollecinə rektor təyin edilməsi də qalmaqallı olmuşdu. Van Rompey onu dəstəklədiyi üçün tənqid olunmuş, çoxları Moqerininin akademik rəhbərlik təcrübəsinin az olduğunu bildirmişdi. 30 namizəddən yalnız beşi müsahibəyə çağırılmış, Moqerini isə tərəfkeşlik ittihamı ilə gündəmə gəlmişdi. Avropa Komissiyasının (Ursula Fon der Lyayenin rəhbərliyi altında) bu qərara dəstək verdiyi irəli sürülmüşdü. Komissiya Kollecin maliyyəsinin yarısını qarşılayır.
İttihamların sübut olunması istintaq nəticəsində müəyyənləşəcək, lakin bu hadisə Avropa idarəçiliyində şəffaflıq problemlərinin yenidən gündəmə gəlməsinə səbəb olub. “Qatargate”dən sonra yaşanan ikinci böyük korrupsiya qalmaqalı Avropa qurumlarının etibarına zərbə endirir. Moqerini və digər şübhəlilər hazırda nəzarət altında olmaqla sərbəstdirlər. İstintaq isə davam edir və Brüsseldə növbəti təbəddülatlı həftələr gözlənilir.