Ailə hüququ münasibətlərini tədqiq edən yeni dərs vəsaiti
Bakı, 29 aprel, AZƏRTAC
Hüquq üzrə elmlər doktoru, professor İsaxan Vəliyevin “Ailə hüququ” dərsliyi nəşr olunub. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş nəşr Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tədris-Metodiki Şurasının qərarı əsasında çap olunub.
Dərsliyin elmi redaktoru və “Ön söz”ünün müəllifi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri hüquq üzrə elmlər doktoru Fərhad Abdullayevdir.
AZƏRTAC xəbər verir ki, 8 bölmədən ibarət dərslikdə Azərbaycan Respublikasının ailə qanunvericiliyi ilə bağlı aktual hüquqi məsələlər elmi təhlil süzgəcindən keçirilib və kompleks şəkildə şərh edilib. Nəşrdə ailə institutunun mahiyyəti hüquqi rakursdan şərh edilir, ailə, cəmiyyət və hüquq kimi anlayışların qarşılıqlı əlaqəsinə toxunulur. Bu isə dərslikdən istifadə edən hər kəsə ailənin formalaşması və nikaha xitam verilməsi ilə bağlı yaranan münasibətləri dərindən dərk etməyə, ailə hüququnun predmeti haqqında dolğun məlumat əldə etməyə imkan verir. Dərslikdə ailə-hüquq münasibətlərinin müxtəlif aspektlərinə diqqət yetirilməklə ailə qanunvericiliyinin vəzifə və məqsədləri ətraflı şəkildə izah edilir. Ailə hüququ nəzəriyyəsinin bir sıra mürəkkəb və mübahisəli məsələlərinə toxunulur, xarici ölkələrin qanunvericiliyindən konkret nümunələrə də yer verilir.
Nəşrin hazırlanmasında müasir tədris vəsaitlərindən, xüsusi ədəbiyyatdan, habelə yerli və xarici hüquqşünasların əsərlərindən məqsədyönlü şəkildə istifadə edilib, mütərəqqi hüquqi təcrübələrin Azərbaycanda tətbiqi məqsədilə səmərəli təkliflər irəli sürülüb. Eyni zamanda, qlobal sosial dəyişikliklərin, mədəni transformasiyanın, cəmiyyətin inkişaf tendensiyalarının və digər amillərin ailə institutuna təsiri elmi-nəzəri əsasda tədqiq olunub.
Dərsliyin ayrı-ayrı bölmələrində ailə hüququ anlayışı, predmeti, metodu, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə yaranan ailə-hüquq münasibətlərinin tənzimlənməsi, uşağın ailə-hüquq vəziyyəti, tərbiyəsi və digər aktual məsələlərə geniş yer ayrılıb.
Nəşr ölkəmizdə ailə hüququ nəzəriyyəsinin, qanunvericiliyin müvafiq müddəalarının mənimsənilməsi, habelə tələbələrin normativ-hüquqi materiallarla müstəqil işləmək bacarıqlarının inkişafı, vətəndaşların qanunla qorunan mənafelərinin müdafiəsi üzrə konkret problemlərin həlli yollarına işıq salınması baxımından mühüm əhəmiyyətə malikdir. Dərslikdə diqqəti cəlb edən məqamlardan biri də ölkəmizdə ailə qanunvericiliyindəki hüquqi boşluqların, mübahisəli məqamların gündəmə gətirilməsidir. Bu mənada tanınmış alimin Ailə Məcəlləsinin daha da təkmilləşdirilməsi ilə bağlı irəli sürdüyü təkliflər, digər ölkələrin qanunvericiliyi ilə apardığı müqayisəli təhlillər xüsusi maraq doğurur.
Dərsliyin “Ön söz”ündə qeyd edilir ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasında ailə, qadın və uşaq hüquqları ilə bağlı fundamental hüquqi müddəalar əksini tapıb. Konstitusiyada, həmçinin hər bir vətəndaşın nikah hüququ təsbit edilib, dövlətin ailəyə qayğı siyasətinin əsas konturları müəyyənləşib. Ailə və gender siyasətinin həyata keçirilməsi məqsədilə 1998-ci il yanvarın 14-də ayrıca Dövlət Komitəsinin yaradılması da bu istiqamətdə mühüm addımlardan olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən etibarən ailə, qadın və uşaq hüquqları ilə bağlı dövlət siyasəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, gender bərabərliyinin hüquqi təminatlarının gücləndirilməsi istiqamətində mühüm tədbirlər görülüb.
Ümumilikdə belə bir dərsliyin hazırlanması deməyə əsas verir ki, ailə institutu, onun hüququ tənzimlənməsi, ənənəvi və müasir inkişaf tendensiyaları Azərbaycanın hüquqşünas alimlərinin diqqətindədir.