“Ailə TV” kabelsiz və antenasız yeni İP TV xidmətini təqdim edib
Bakı, 29 aprel, AZƏRTAC
“Ailə TV” kabelsiz və antenasız İP TV xidmətini təqdim edib. Yeni xidmətə qoşulmaq üçün internet və “Ailə TV Player” kifayətdir.
“Caspian Telecom”un mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, minimum 2 Mbit/s internetlə “Ailə TV Player”-i televizora qoşub, 200-dən çox TV kanal izləmək mümkündür. Bu TV kanalların bir çoxu üçün 7 günlük arxivlə təkrar izləmə funksiyası mövcuddur. Abunəçilər “Ailə TV Player”lə TV kanalları dünyanın hər yerində, ölkəmizin istənilən güşəsində, şəhər və rayonlarda izləyə bilərlər. Kabel və sputnik televiziyalarından istifadə etmək imkanı olmayanlar üçün bu, xüsusilə böyük bir fürsətdir.
“Ailə TV Playeri” televizora qoşmaqla istənilən televizoru “SmartTV” funksiyaları ilə təmin etmək olar. Bundan əlavə, “Ailə TV Player” qurğusunda daha iki imkan var. Ondan həm İP TV qəbuledici, həm də WIFI router kimi istifadə edilir. “Ailə TV Player”-i bütün kabel televiziyasının filiallarından əldə etmək mümkündür. Yaxın vaxtlarda ölkəmizin iri elektronika mağazaları və supermarketlərində də “Ailə TV”-nin satış nöqtələri açılacaq. Satış qiyməti 50 manat olan “Ailə TV Player”-lə abunəçilər ilk bir ay 200-dək TV kanalı pulsuz izləyəcəklər. Abunəni uzatmaq üçün “Ailə” və ya “Ailə+” paketlərindən birini seçmək kifayətdir.
“Ailə” paketi 100 TV kanaldan ibarətdir və aylıq 9 manat təşkil edir. “Ailə+” paketində isə əlavə 98 TV kanal izləmək olar və aylıq abunə haqqı 15 manatdır.
Abunə haqlarını “MilliÖn” terminalları, “Ailə TV” filialları, poçt, bank vasitəsilə və ya “aile.tv”, “goldenpay.az”, “hesab.az” saytlarında ödəmək mümkündür.