Akademik Akif Əzizovun kimya elminin inkişafında mühüm xidmətləri olub
Bakı, 19 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) kimya elmləri doktoru, professor, Əməkdar elm xadimi, mərhum akademik Akif Əzizovun 75 illik yubileyi qeyd olunub.
NKPİ-dən AZƏRTAC-a bildiriblər ki, institutun direktoru, akademik Vaqif Abbasov görkəmli alimin kimya elminin inkişafında mühüm xidmətlərindən söz açıb.
Sonra professor Minavər İbrahimova A.Əzizovun elmi fəaliyyəti haqqında məruzə ilə çıxış edib. Bildirilib ki, A.Əzizov neft kimyası, kataliz və yüksək molekullu birləşmələr kimyası sahələri üzrə tanınmış alimdir. Onun elmi fəaliyyətinin əsas istiqamətini neft‐kimya sintezi proseslərində metalkompleks və metalüzvi katalizatorların tətbiqi, oliqomerləşmə və polimerləşmə prosesləri üçün katalitik sistemlərin yaradılması, bir sıra yeni monomer və reaksiyaya qabil oliqomerlərin alınmasının, neft‐kimya və neft emalı proseslərində ion‐maye texnologiyalarının və s. elmi əsaslarının işlənib hazırlanması təşkil edib. Alim 600-dən çox elmi və publisistik əsərin, o cümlədən 73 müəlliflik şəhadətnaməsi və patentin, 20 monoqrafiya və kitabın müəllifidir. Onun elmi əsərlərinin 350-si xaricdə çap olunub.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova, akademik Vaqif Fərzəliyev, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov və digər çıxış edənlər görkəmli alimlə bağlı xatirələrini bölüşüblər.
Sonda alimin xatirəsinə həsr edilən videoçarx nümayış olunub.